Qazaxıstan və Azərbaycandan dövrün ən iddialı layihəsi - Diplomatiya trafiki buna görə imiş..

Təhlil

14.04.2026 17:55

Qazaxıstan və Azərbaycan Orta Dəhlizin Cənubi Qafqaz seqmentini gücləndirmək məqsədilə Gürcüstanla koordinasiyanı daha da sıxlaşdırır. Qısa müddət ərzində baş verən diplomatik təmaslar bu prosesi aydın şəkildə göstərib. 


Belə ki, aprelin 2-də Bakıda Qazaxıstanın Baş naziri Oljas Bektenov dəhlizin inkişafı üzrə Azərbaycanla hökumətlərarası sazişin imzalanmasını təklif edib. Aprelin 6-da Prezident İlham Əliyev Azərbaycan-Gürcüstan xəttini dəhlizin əsas arteriyası kimi qiymətləndirib. Aprelin 7-də Tbilisidə Qazaxıstanın xarici işlər naziri Yermək Koşerbayev yükdaşıma gücünün artırılması, xidmətlərin müntəzəmliyi, tariflərin şəffaflığı məsələlərini vurğulayıb və Gürcüstanla ikitərəfli əməkdaşlıq proqramı imzalayıb. Aprelin 8-də isə Bakıda İlham Əliyev Koşerbayev və Qazaxıstanın nəqliyyat naziri ilə görüş keçirib. 

Bəs bu təşəbbüs Azərbaycan üçün hansı iqtisadi üstünlükləri yaradır?  

“Orta Dəhlizin gücləndirilməsi Azərbaycanı regionun əsas tranzit və logistika mərkəzinə çevirir”. 

İqtisadçı Akif Nəsirli bunu TodayPress TV-yə danışarkən bildirib. 


Onun sözlərinə görə, Orta Dəhlizin Azərbaycan-Gürcüstan xətti üzrə gücləndirilməsi ölkənin iqtisadi mövqeyini bir neçə istiqamətdə möhkəmləndirir.

“Bu proses nəticəsində Azərbaycan Şərq ilə Qərb arasında əsas tranzit qovşaqlarından birinə çevrilir, bu isə daşımaların həcminin artmasına və tranzit rüsumlarından əldə olunan gəlirlərin yüksəlməsinə səbəb olur. Xüsusilə Çin və Mərkəzi Asiyadan Avropaya yönələn yüklərin Azərbaycan üzərindən keçməsi logistika sektorunun sürətli inkişafını stimullaşdırır”, - deyə o izah edib. 

Ekspert vurğulayıb ki, dəhlizin gücləndirilməsi nəqliyyat və infrastruktur layihələrinə investisiyaların artmasına gətirib çıxarır. Həmçinin dəmir yollarının, limanların və logistika mərkəzlərinin modernləşdirilməsi yeni iş yerləri yaradır və ölkə daxilində iqtisadi fəallığı artırır. Bu kontekstdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi strateji obyektlərin əhəmiyyəti daha da yüksəlir və onların gəlirliliyi artır. 


İqtisadçı əlavə edib ki, gücləndirilmiş dəhliz Azərbaycanın ixrac imkanlarını da genişləndirir, yerli məhsulların Avropa və digər bazarlara daha sürətli və rəqabətli şərtlərlə çıxışı təmin olunur. Onun fikrincə, bu amil qeyri-neft sektorunun inkişafına təkan verir və iqtisadiyyatın şaxələndirilməsinə kömək edir. 

Akif Nəsirli hesab edir ki, bütün bu proseslər nəticəsində Azərbaycan regionda logistika və ticarət mərkəzi kimi geosiyasi əhəmiyyətini artırır. Bu isə ölkəyə əlavə siyasi və iqtisadi təsir imkanları qazandırır, beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirir və uzunmüddətli iqtisadi sabitliyi gücləndirir. 

Aysel Mətləb

TodayPress TV

tag: Akif Nəsirli,Ekspert,Qazaxıstan,Azərbaycan,Orta Dəhliz,Cənubi Qafqaz,Todaypress.tv,