"Netanyahu Trampı aldadıb": İrandakı uğursuzluğun gizli pərdəarxası...

Təhlil

09.04.2026 14:20

“Demokrat konqresmenlər ABŞ Prezidenti Donald Trampı hakimiyyətdən uzaqlaşdırmaq üçün 25-ci düzəlişin tətbiq olunmasına çağırış etməyə başlayıblar. Onlar hökumətdən Trampın fəaliyyət qabiliyyətli olmadığını elan etməsini və hakimiyyəti vitse-prezident Ceyms Devid Vensə təhvil verməsini tələb edirlər”.

TodayPress TV xəbər verir ki, bunu siyasi analitik Asif Şəfəqqətov deyib.


Onun sözlərinə görə, formal səbəb kimi Trampın İranın mülki infrastrukturunu (elektrostansiyaları, körpüləri və s.) vurmaqla bağlı son çarəsiz təhdidləri göstərilir:

“Demokrat Partiyası bunları müharibə cinayətlərinin sübutu və gələcək impiçment üçün əsas kimi istifadə edəcək. Lakin hazırda demokratlar Trampı ağlını tam itirmiş militarist kimi təqdim etməyə çalışırlar. İrandakı fiasko fonunda bu biabırçı hərbi kampaniyanın necə planlaşdırıldığı ilə bağlı getdikcə daha çox təfsilat ortaya çıxır. Trampı müharibəyə təhrik edən İsrail lobbiçiləri, xüsusən də Benyamin Netanyahu olub. Onlar Trampı Tehranda qısa müddətdə rejim dəyişikliyinin mümkünlüyünə inandırıblar”.

A. Şəfəqqətov Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin İsrailin planını “gülünc”, dövlət katibi Marko Rubionun isə “cəfəngiyyat” adlandırdığını bildirib:

“Vens qəti şəkildə müharibəyə qarşı olub. Qərargah Rəisləri Birləşmiş Komitəsinin rəhbəri Den Keyn müharibə planına şübhə ilə yanaşıb. Keyn Pentaqonun hərbi arsenalının sürətlə tükənməsindən narahat idi. Ağ Evin Aparat rəhbəri Syuzi Uayls da İran avantürasının Konqres seçkilərində respublikaçıları “basdıracağını” bildirib. Lakin Tramp onların yox, Netanyahunun fikirlərini qəbul edib.

İndi hər kəs uduzulmuş müharibədən və onun nəticələrindən yaxasını kənara çəkməyə çalışır. Bəlkə də onların hamısı müharibənin tərəfdarı olub, lakin uğursuzluqdan sonra mətbuata onun əleyhinə olduqları barədə məlumatlar sızdırırlar. Bircə Tramp yaxasını kənara çəkə bilməyəcək – o qədər iddialı danışıb və yazıb ki, bunları heç nə ilə ört-basdır etmək mümkün olmayacaq. Bundan sonra quru əməliyyatına başlasa və o da uğursuzluqla nəticələnsə, çox güman ki, Konqres heç seçkiləri gözləmədən onun impiçmenti və həbsi məsələsini gündəliyə çıxaracaq”.

Qiymət Mahir

TodayPress TV

tag: Asif Şəfəqqətov, siyasi analitik ,Netanyahu ,Tramp,Todaypress.tv,