Moskvanın ağrısı hələ də keçmir... – Rusiya kimdən qisas almaq istəyir?
Təhlil
07.04.2026 17:59
“Bu gün Ermənistan, o cümlədən bütövlükdə Cənubi Qafqaz qlobal səviyyədə geosiyasi qarşıdurma mərkəzlərindən biridir”.
Politoloq Natiq Miri bunu TodayPress TV-yə açıqlamasında deyib.

O bildirib ki, bir tərəfdə Avropa İttifaqı (Aİ) Ermənistanda təsir imkanlarını gücləndirmək istəyirsə, digər tərəfdə də ABŞ amili var:
“Zəngəzur dəhlizi, “Tramp” marşrutu kontekstində ABŞ-nin regiona açıq şəkildə müdaxiləsini görürük. Digər tərəfdən, uzun illər Cənubi Qafqazda təsir imkanları olan Rusiyanın maraqlarını təmin etmək istəməsini və İranın təzyiqlərini görürük”.
Analitik qeyd edib ki, Rusiya indiyə qədər mövcud olan təsir imkanlarını qorumağa çalışsa da, bu, artıq əvvəlki kimi mümkün deyil:
“Rusiya zəifləmiş durumdadır və bütün diqqəti, enerjisi Ukrayna bataqlığında xərclənir. Ona görə də Cənubi Qafqaz siyasətinə ciddi şəkildə yer və zaman ayıra bilmir. Ritorikada bəzən təhdidlər, təzyiq xarakterli açıqlamalar görürük, ancaq bunların praktik olaraq həyata keçirilməsi o qədər də asan deyil”.
N.Miri vurğulayıb ki, artıq regionda güc balansı dəyişib və Rusiya əvvəlki mövqeyini itirib:
“Əgər Rusiya əvvəllər Cənubi Qafqazda yeganə sabitləşdirici güc idisə, 2023-cü ildən etibarən regionda status-kvo dəyişib. Digər güclər var. Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanıb. Digər tərəfdən, Aİ-nin Ermənistanda ciddi iştirakı mövcuddur. Nəhayət, ötən il avqustun 8-də imzalanan sənəd var. ABŞ uzunmüddətli perspektivdə regionda varlığını təsbit etmək üçün bunu artıq sadəcə hüquqi müstəviyə deyil, praktik müstəviyə də daşımağa çalışır. Bu da İranla müharibədən sonra ciddi praktik mərhələyə keçiləcək”.
Politoloq hesab edir ki, regionda sülhə mane olan əsas qüvvələr Rusiya və İrandır:
“Azərbaycan və Ermənistan arasında sülhün varlığını istəməyən regional güclər məhz Rusiya və İrandır. Rusiya ona görə maraqlıdır ki, bu mühitdə çox rahat oynaya bilir. Qarabağ problemi ilə bağlı 30 ildən artıq hər iki tərəfə təzyiq və təsir imkanlarını saxlaya bildi. Bugün status-kvo dəyişdiyi üçün Rusiyanın təsir imkanları sıfıra endirilib. Hər addımbaşı Nikol Paşinyanın Praqada Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasından acılı halda danışmaları və bunu tez-tez təkrar etmələri də bu hadisənin Rusiyanı nə qədər məmnun etmədiyini, əlindən bütün təsir imkanlarını çıxardığını ortaya qoyur. Kreml səviyyəsində məmurlar Qarabağı müqayisə predmeti kimi tez-tez dilə gətirir və bunu dolayısıyla Nikol Paşinyanın qərarına bağlayırlar”.
Qiymət Mahir
tag: Natiq Miri,Politoloq,Moskva,Rusiya ,Todaypress.tv,
