Molla rejimi sosial şəbəkələrin Azərbaycan seqmentini işğal edib
Sosial şəbəkələrdə İranın molla rejiminə bağlı informasiya şəbəkələrinin, yumşaq desək, fəaliyyətini izləyəndə adamın qarşısında tamam başqa bir paralel reallıq açılır. Əgər mən Azərbaycanda yaşamasaydım, bu ölkənin havasını udub, küçələrini gəzməsəydim, həmin o məqsədli paylaşımları oxuyub düşünmək olar ki, yəqin Azərbaycanda əhalinin yarıdan çoxu orta məktəblərdə vahid məktəbli forması və hicab qadağasına qarşı küçələrə tökülüb, azyaşlı qızcığazlardan tutmuş böyük qadınlara qədər hamı üsyan edir.
Halbuki fakt və real mənzərə tamamilə göz önündədir. Gəlin uzağa getməyək, pafoslu şüarları da bir kənara qoyaq, sadəcə konkret bir regiona, məsələn, 60 mindən artıq əhalisi olan Tərtərə baxaq. İnanın ki, Tərtərin böyüklü-kiçikli qadın əhalisinin heç 1 faizi belə hicablı və dindar deyil. Bu, nə kiminsə subyektiv rəyi, nə də statistik manipulyasiyadır, rayonun gündəlik küçə mənzərəsi, məktəb həyətlərinin gerçəkliyidir. Eyni mənzərəni Azərbaycanın demək olar ki, bütün rayonlarında, şəhərlərində müşahidə etmək mümkündür.
Amma İranın informasiya agenturası elə bir virtual illüziya yaradır ki, guya Azərbaycan əhalisinin 80-90 faizi dövlətin bu qanununa qarşı kütləvi mübarizə aparır. Bu, açıq-aşkar informasiya manipulyasiyası və süni ictimai rəy formalaşdırmaq cəhdidir. Eyni mərkəzdən idarə olunan saxta profillər, “əks-səda otağı” prinsipi ilə bir-birinin statusunun altına eyni şərhləri yazan şəbəkələr cəmiyyətdə olmayan bir gərginliyi varmış kimi göstərməyə çalışırlar.
Beynəlxalq sosioloji tədqiqatların — istər Pew Research Center, istərsə də World Values Survey kimi nüfuzlu mərkəzlərin Azərbaycanda apardığı sorğuların nəticələri də bu reallığı təsdiqləyir: Azərbaycan cəmiyyətinin 85 faizindən çoxu dinin dövlətdən və xüsusilə də orta təhsildən ayrı tutulmasını, dünyəvi dövlət modelini birmənalı şəkildə dəstəkləyir. İnsanlarımız öz dini inancına və milli-mənəvi dəyərlərinə nə qədər hörmətlə yanaşırsa, orta məktəbin bütün uşaqlar üçün bərabər, ideoloji və dini təsirlərdən uzaq təhsil məkanı olması prinsipinə də bir o qədər sadiqdir.
İsmayıl Şahlı