Dakarda həyəcanlı sonluq: Azərbaycan bayrağını məhz onlar dalğalandıracaqlar!
Seneqalın paytaxtı Dakarda təşkil olunan Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan nümayəndə heyətinin bayraqdarları müəyyənləşib.
TodayPress TV Milli Olimpiya Komitəsinə istinadən xəbər verir ki, gender bərabərliyi prinsipi nəzərə alınmaqla üçrəngli bayrağımızı aşağıdakı idmançılarımız daşıyacaqlar:
Gülər Hüseynova - Boksçu (51 kq)
Adil Kazımlı - Taekvondoçu, turnirin gümüş mükafatçısı (73 kq)
Bağlanış mərasimi noyabrın 13-də Atletlər Kəndində, Bakı vaxtı ilə saat 22:30-da baş tutacaq.
Qeyd edək ki, hazırda Azərbaycan komandasının aktivində 5 medal mövcuddur. Oyunların qızıl medalları cüdoçu İbrahim Talıbov (55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimlinin (90 kq) aktivindədir. Turnirin gümüş medallarını isə komandamıza çimərlik güləşçisi Nihad Süleymanlı (80 kq) və taekvondoçu Adil Kazımlı (73 kq) qazandırıb.
Xatırladaq ki, oktyabrın 31-də Dakardakı Abdulaye Vade stadionunda baş tutan açılış mərasimində Azərbaycan bayrağını üzgüçülər - Süleyman İsmayılzadə və Məryəm Cavadova daşımışdılar.
Namiq HUN