İran Azərbaycana qarşı - milyonlarla dollara Nardaranı ayağa qaldırdı və dövlətimizə hücum edildi

İran Azərbaycana qarşı - milyonlarla dollara Nardaranı ayağa qaldırdı və dövlətimizə hücum edildi
05.06.2026 11:53 Təhlil

Tehran niyə Nardaranı seçdi?

1991-ci il. SSRİ dağılır, Azərbaycan müstəqilliyini bərpa edir. Tehran üçün isə bu, ən arzuolunmaz ssenarilərdən biri idi. Çünki onun sərhədləri yaxınlığında türk kimlikli, dünyəvi idarəetmə modelinə malik və Qərblə əməkdaşlığa açıq olan yeni Azərbaycan dövləti yaranırdı. İran rəhbərliyi belə bir dövlətin öz ərazisində yaşayan milyonlarla azərbaycanlı üçün nümunəyə çevrilə biləcəyindən narahat idi. Buna görə də Bakının təsir imkanlarını zəiflətmək üçün müxtəlif alətlərdən istifadə etməyə başladı. Bu alətlərdən biri din, əsas fəaliyyət məkanlarından biri isə Nardaran oldu.

Nardaran Bakının təxminən 25 kilometrliyində, Abşeron yarımadasında yerləşən və şiə ənənələrinin ən güclü olduğu yaşayış məntəqələrindən biridir. Məhz buna görə Tehran 1991-ci ildən etibarən diqqətini bu qəsəbəyə yönəltdi. Təsir mexanizmi mərhələli şəkildə qurulurdu: maliyyə dəstəyi, dini ədəbiyyat, təhsil imkanları və televiziya yayımı vasitəsilə əvvəlcə etibar qazanılır, daha sonra həmin etibar siyasi təsir alətinə çevrilirdi.

Elə həmin il - 1991-ci ildə — Nardaranda Azərbaycan İslam Partiyası (AİP) yaradıldı. Partiyanın ideoloji xətti açıq şəkildə dünyəvi Azərbaycan Respublikasına alternativ olaraq şəriət qanunları ilə idarə olunan dini dövlət modelini müdafiə edirdi. Onun qurucularının İranın dini mərkəzi sayılan Qum şəhərindəki dini dairələrlə əlaqələri olduğu bildirilirdi.


1992-ci ildə Azərbaycan İslam Partiyası rəsmi qeydiyyatdan keçdi. Lakin bir neçə il sonra vəziyyət dəyişdi. 1995-ci ildə partiya rəhbərliyi Azərbaycan məhkəməsi tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək həbs olundu və təşkilatın fəaliyyəti qadağan edildi. Buna baxmayaraq, partiya tamamilə yox olmadı. Onun yeraltı fəaliyyətini davam etdirməsinə imkan verən əsas amillərdən biri xaricdən gələn maliyyə dəstəyi idi.

Mövzu ilə bağlı araşdırmalarda qeyd olunur ki, İranın Azərbaycandakı dini-siyasi fəaliyyətinə ayrılan vəsait kifayət qədər böyük olub.

“2003-cü il hesablamalarına görə İranın Azərbaycandakı dini-siyasi fəaliyyətə ayırdığı məbləğ 25 milyon dollara çatırdı.”

25 milyon dollar həmin dövrün Azərbaycanı üçün olduqca böyük məbləğ hesab edilirdi. Bu vəsaitin bir hissəsinin Qum seminariyalarında təhsil alan azərbaycanlı tələbələrin xərclərinə, dini icmaların fəaliyyətinə, məscidlərdə çalışan şəxslərin maliyyələşdirilməsinə, pulsuz dini nəşrlərin yayılmasına və İran televiziya kanallarının auditoriyasının genişləndirilməsinə yönəldildiyi bildirilirdi.

Adi sakin üçün isə bu proseslərin arxasında hansı maliyyə və siyasi mexanizmlərin dayandığını görmək çətin idi. O, sadəcə məscidə gedir, dini kitablar oxuyur və televiziya proqramlarını izləyirdi. Lakin görünməyən tərəfdə artıq uzunmüddətli təsir şəbəkəsi formalaşdırılırdı.

2002: Plan işə düşür

2002-ci ilin fevralı. Sonradan Azərbaycan İslam Partiyasının sədri kimi tanınacaq Mövsüm Səmədov İranın Qum şəhərindəki dini seminariyada təhsilini başa vuraraq Bakıya qayıdır. Məlumatlara görə, o, Qumda İranın ən nüfuzlu din xadimlərindən biri, azərbaycanlı əsilli Böyük Ayətullah Fazil Lənkərani ilə təmasda olub. Aradan cəmi üç ay keçir və Nardaranda vəziyyət kəskin şəkildə dəyişir.

2002-ci ilin mayında qəsəbədə gərginlik pik həddə çatır.

Mayın 7-dən 8-nə keçən gecə Nardarana giriş yollarından biri bağlanır. Polis qüvvələri ilə yerli sakinlər arasında qarşıdurma başlayır. Hadisələr zamanı dörd polis avtomobili sıradan çıxarılır, hüquq-mühafizə orqanlarının əməkdaşları müxtəlif dərəcəli xəsarətlər alır. Azərbaycan Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi açır.

May ayının ortalarından iyunun əvvəlinədək vəziyyət nisbətən sabitləşir. Dövlət qurumları qarşıdurmanın böyüməsinin qarşısını almaq və vəziyyəti danışıqlar yolu ilə həll etmək üçün müəyyən vaxt ayırırlar. Lakin istintaq davam edir.


İyunun 2-də hüquq-mühafizə orqanları hadisələrin təşkilində şübhəli bilinən səkkiz nəfəri saxlayır. Həmin gecə qəsəbədə yenidən qarşıdurma başlayır. İyunun 3-dən 4-nə keçən gecə isə hadisələr ən qanlı mərhələsinə çatır. Qarşıdurmalar nəticəsində iki nəfər həlak olur, iyirmidən çox insan yaralanır, on beşdən artıq şəxs saxlanılır.

Hadisələrdən sonra baş verən başqa bir məqam Bakının diqqətini xüsusilə cəlb edir.

Nardaran hadisələrinin ildönümündə İranın bəzi dövlət və ictimai strukturları həmin hadisələri "matəm günü" kimi qeyd etməyə başlayırlar. Azərbaycan tərəfi bunu qonşu dövlətin ölkədaxili proseslərə münasibət bildirməsi və siyasi mesaj verməsi kimi qiymətləndirir.

Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı Tehrana diplomatik nota təqdim edir və sənəddə qeyd olunur:

“Bütün sivil qonşuluq münasibətlərinə ciddi xələl gətirir.”

Azərbaycan dövlət qurumları isə hadisələrin arxasında təkcə daxili deyil, xarici təsir amillərinin də ola biləcəyini bildirirdilər.

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin 2002-ci ilin avqustunda yaydığı birgə bəyanatda deyilirdi:

“Həm daxili, həm xarici düşmən qüvvələr Nardaran hadisələrindən öz məqsədləri üçün istifadə etməyə çalışır. Bunun üçün ən iyrənc yolları - o cümlədən adamları pulla ələ almağı - seçiblər.”

Bəyanatda yer alan “adamları pulla ələ almaq” ifadəsi təsadüfi deyildi. Rəsmi qurumların mövqeyinə görə, istintaq zamanı hadisələrin təşkilində maliyyə amilinin rol oynadığına dair məlumatlar araşdırılırdı. 

Azərbaycan dövləti cavab verir

Heydər Əliyev 1995-ci ildə Azərbaycan İslam Partiyasının fəaliyyətinin dayandırılması qərarını verərkən bunu təkcə hüquqi addımls yanaşı, dövlət təhlükəsizliyi strategiyasının bir hissəsi kimi qiymətləndirirdi. Məntiq sadə idi: xaricdən idarə olunan ideoloji təsir mexanizmlərinin Azərbaycanda siyasi dayağa çevrilməsinə imkan verilməməlidir. 2002-ci ildə Nardaranda baş verən hadisələr isə bu yanaşmanın təsadüfi olmadığını göstərdi.

Nardaran hadisələrindən sonra dövlətin reaksiyası üç əsas istiqamətdə formalaşdı: hüquqi müstəvidə, diplomatik sahədə və ictimai-siyasi səviyyədə.

Birinci istiqamət məhkəmə prosesi oldu.

Hadisələrlə bağlı 18 nəfər barəsində cinayət işi açıldı və onlar məhkəmə qarşısına çıxarıldı. Üç nəfər istintaqdan yayındığı üçün axtarışa verildi. Dövlət qurumları prosesin ictimaiyyətə açıq şəkildə çatdırıldığını, məhkəmə araşdırmasının qanunvericiliyin tələblərinə uyğun aparıldığını bildirirdi. Rəsmi mövqeyə görə, məqsəd nə hadisələri gizlətmək, nə də şişirtmək idi – qərarı faktlar və məhkəmə müəyyən etməli idi.

İkinci istiqamət diplomatik addımlar idi.

Nardaran hadisələrinin ildönümünün İranda “matəm günü” kimi qeyd olunması Azərbaycan tərəfindən qonşu dövlətin daxili proseslərə münasibət bildirməsi və siyasi mesaj verməsi kimi qiymətləndirildi. Bakı bununla bağlı Tehrana diplomatik nota göndərərək addımın iki ölkə arasındakı münasibətlərə zərər vurduğunu bəyan etdi. Azərbaycan tərəfi öz daxili işlərinə müdaxiləni qəbul etmədiyini rəsmi kanallarla açıq şəkildə ifadə etdi.

Üçüncü istiqamət isə dövlətin hadisələrə verdiyi siyasi qiymətləndirmə idi.

Rəsmi Bakı hadisələri sosial etiraz və ya spontan xalq çıxışı kimi deyil, xarici təsir və radikal dini qrupların fəaliyyəti kontekstində dəyərləndirirdi. Həmin dövrdə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyev bu mövqeyi açıq şəkildə ifadə etmişdi:


“Hadisələrin sosial problemlərlə heç bir əlaqəsi yoxdur. Bu, radikal islamçı qrupların təşkilatlanmış hərəkətidir.”

Daxili İşlər Naziri Ramil Usubov isə hadisələrin birdən-birə baş vermədiyini göstərən başqa bir fakta diqqət çəkmişdi. Onun sözlərinə görə, may hadisələrindən əvvəlki dövrdə Nardaranda polis əməkdaşları ilə 23 ayrı qarşıdurma qeydə alınmışdı. Dövlət qurumları bu rəqəmi hadisələrin uzun müddət ərzində formalaşan gərginliyin nəticəsi kimi qiymətləndirirdilər.

Son: Kim uddu, kim uduzdu?

Nardaran hadisələri ətrafında aparılan müzakirələrdə əsas suallardan biri budur: nəticədə kim qalib gəldi?

Rəsmi yanaşmaya görə, İranın təsir imkanlarını artırmaq üçün seçdiyi məkanlardan biri Nardaran idi. Burada dini ənənələrin güclü olması, sosial problemlərin mövcudluğu və ideoloji təsir üçün əlverişli mühitin formalaşması xarici dairələrin diqqətini çəkirdi. Məqsədin dini və sosial narazılıqları siyasi alətə çevirmək olduğu iddia edilirdi.

Azərbaycan dövləti isə hadisələrə hüquqi, siyasi və diplomatik vasitələrlə cavab verdi. Cinayət işləri açıldı, məhkəmə prosesləri keçirildi, diplomatik kanallar işə salındı və ictimaiyyətə rəsmi məlumatlar təqdim edildi. Sonrakı illərdə dini-siyasi təşkilatların maliyyə mənbələri üzərində nəzarət daha da gücləndirildi.

2003-cü ildə məhkəmə qərarları ilə proses hüquqi yekun mərhələyə çatdı.

Bu gün bir çox tədqiqatçı və müşahidəçilər Nardaran hadisələrini Azərbaycanda xarici dini-siyasi təsir cəhdlərinin ən çox müzakirə olunan nümunələrindən biri kimi qiymətləndirirlər. Hadisələrdən sonrakı illərdə isə Nardaranın infrastruktur problemlərinin həlli istiqamətində müxtəlif dövlət proqramları həyata keçirildi, qəsəbədə yol, kommunal və sosial layihələr reallaşdırıldı.

Tarixi mübahisələr davam etsə də, bir fakt dəyişmir: 2002-ci il Nardaran hadisələri müstəqil Azərbaycanın dövlət təhlükəsizliyi, dini siyasəti və xarici təsirlərlə mübarizə tarixində mühüm dönüm nöqtələrindən biri kimi yadda qalıb.


Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər