Gerisayım başladı: Bu Netanyahunun xilası ola bilər - ŞƏRH
İsraildə keçirilən parlament seçkilərində Benyamin Netanyahunun rəhbərlik etdiyi Likud partiyası 27 mandat qazanaraq birinci olsa da, onun tərəfdarları hökumət qurmaq üçün tələb olunan 61 mandatı əldə edə bilməyib. Netanyahu hələ də baş nazir vəzifəsini davam etdirir. Müxalifətin ərəb partiyaları ilə mümkün ittifaqı və yeni koalisiya danışıqları ölkənin siyasi gələcəyini qeyri-müəyyən edir. Bu vəziyyətin İranla müharibəyə necə təsir edəcəyi də diqqət mərkəzindədir.
Maraqlıdır, Netanyahu 53 mandatla hökuməti necə formalaşdıra bilər? Netanyahunun söz haqqı necə olacaq? Onun əsas siyasi tərəfdaşları kimlər ola bilər?
Müxalifətin ərəb partiyaları ilə birlikdə 67 mandatlıq potensialı var. Bu qüvvələrin Netanyahuya qarşı vahid hökumət qurması nə dərəcədə realdır?
Bu proseslər fonunda İsrailin İranla müharibə siyasəti dəyişə bilərmi? Yeni hökumət hərbi əməliyyatları dayandırmağa və diplomatik danışıqlara üstünlük verə bilərmi?

Sözügedən məsələ ilə bağlı siyasi analitik Şakir Ağayev TodayPress TV-yə açıqlamasında bildirib ki, 53 mandatla birinci yeri tutsa da, Netanyahu hökumət formalaşdırmaq imkanına malik deyil:
"İsrail qanunlarına görə, hökumət qurmaq üçün parlamentdə ən azı 61 deputatın dəstəyini qazanmaq və ya koalisiya yaratmaq lazımdır. Bu gün üçün Netanyahu seçkilərdə birinci yeri tutsa da, hökuməti formalaşdırmaq imkanları yoxdur. Müxalifətin isə ərəb partiyaları ilə birlikdə 67 mandatlıq potensialı var. Amma ərəb koalisiyası kiminlə koalisiyaya gedəcəyini hələ müəyyənləşdirməyib. Çünki həm Netanyahu, həm də müxalifət bloku ilə ərəb partiyalarının mövqeləri üst-üstə düşmür. İsrail qanunlarına görə, seçkidən sonra prezident hökuməti formalaşdırmaq üçün namizədə 28 gün vaxt verir. Hökumət bu müddətdə formalaşdırılmazsa, əlavə iki həftə vaxt verilir. Bu müddətdə də razılıq əldə olunmasa, 90 gün ərzində yeni seçkilər elan olunur".
Analitik hesab edir ki, ərəb partiyaları müxalifətlə razılığa gələ bilməyəcəklər. Netanyahu ilə isə ümumiyyətlə razılığa gəlməyəcəklər:
"İndiki halda Netanyahunun hökuməti təşkil etmək potensialı məhduddur, özü də çox məhduddur. Hətta Tramp da bu məsələyə qarışmaq istəmir. Bütün bunlara baxmayaraq, Netanyahunun baş nazir və kabinet formalaşdırmaq şansını çox aşağı, hətta demək olar ki, mümkünsüz hesab edirəm".
Müsahibimiz qeyd edib ki, bu proseslər İsrailin müharibə siyasətini dəyişməyəcək:
"Güman etmirəm ki, nəsə dəyişəcək. Çünki müxalifətin rəhbəri də o qədər də sülhsevər deyil və o da İrana qarşı müharibənin tərəfdarıdır. Buna görə də müharibə ehtimalı hələ də qalır.
Təbii ki, bütün diqqətlər noyabrın 3-nə yönəlib. Amerikadakı seçkilərdən sonra İranla bağlı qəti qərar veriləcək. Söhbət Amerikanın və İsrailin İrana yeni hücumundan gedir. Ona görə də hələlik İranın hər hansı bir razılaşmanı qəbul edəcəyini düşünmürəm".
Onun sözlərinə görə, hökumət formalaşdırılmasa, Netanyahunun hələ dörd aya qədər vaxtı var:
"Bu müddətdə o, yenidən müharibəyə başlaya bilər və dörd ay ərzində Netanyahu baş nazir kimi ölkədə qalacaq. Hətta proseslər ona gətirib çıxara bilər ki, növbədənkənar seçkilər bir qədər uzansın və hakimiyyət müddəti uzadılsın. Çünki Netanyahunun əsas fikri istənilən formada eskalasiyaya gedərək hakimiyyətdə qalmaqdır.
Bilirsiniz ki, Netanyahu haqqında İsraildə cinayət işi var. Netanyahu hökuməti formalaşdıra bilməsə və onun partiyası hökumətdən kənarda qalsa, Netanyahunun hətta həbs olunmaq qorxusu da var".
Analitik əlavə edib ki, Netanyahunun qarşısında hələ vaxt var və İran-İsrail müharibəsinin bitəcəyini düşünmür:
"Qeyd etdiyim kimi, noyabrın 3-dən sonra bu, Trampın və Amerikanın mövqeyindən çox asılı olacaq. Yenidən belə addımlar atıla bilər".
Jalə Rövşən