Sənədsiz evlərə çıxarış veriləcək? - 50 milyard manatlıq sual - AÇIQLAMA

Sənədsiz evlərə çıxarış veriləcək? - 50 milyard manatlıq sual - AÇIQLAMA
30.10.2026 14:51 Sosial

Prezident İlham Əliyev ötən günlərdə “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi haqqında Əsasnamənin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Fərman imzalayıb. Fərmanla sistemin sahibi və operatoru müəyyənləşdirilib. Bu sənədsiz evlərlə bağlı problemi birbaşa tənzimləməsə də,  qərar daşınmaz əmlakın qeydiyyatı və kadastr məlumatlarının sistemləşdirilməsi məsələsini yenidən gündəmə gətirir.

Suallar yaranır: Azərbaycanda 500 mindən çox sənədsiz evin olduğu bildirilir. Son 10 ildə 100 mindən çox evin sənədləşdirildiyini nəzərə alsaq, problemin hələ də həllini tapmamasının əsas səbəbləri nələrdir? Mövcud prosesin sürətləndirilməsi üçün hansı addımlar atılmalıdır? Sənədsiz evlərin rəsmiləşdirilməsi üçün tikinti amnistiyasının tətbiqi nə dərəcədə realdır? Gürcüstanın bu sahədəki təcrübəsindən Azərbaycanda istifadə etmək mümkündürmü? Eyni zamanda, hansı meyarlar əsasında evlərə çıxarış verilməli, hansı tikililər bu prosesdən kənarda saxlanılmalıdır?

Sənədsiz evlərin ümumi bazar dəyərinin 50 milyard manata yaxın olduğu iddia edilir. Bu əmlakların hüquqi dövriyyəyə cəlb edilməsi dövlət büdcəsinə, bank və sığorta sektoruna, eləcə də vətəndaşlara nə qazandıra bilər? Vaxtilə qanunsuz tikintilərə göz yumulmasında yerli icra hakimiyyəti orqanlarının da məsuliyyəti müzakirə olunur. Bu məsuliyyət necə müəyyənləşdirilməlidir?


Sözügedən mövzu ilə bağlı əmlak eksperti Ramil Osmanlı TodayPress TV-yə açıqlamasında qeyd edib ki, bu problemin əsas səbəbi qeyd olunan sənədsiz tikililərin inşası zamanı, ilk növbədə, onların yerləşdiyi torpaq sahələrinin mövcud qanunvericiliyə uyğun torpaq ayırma sənədləri olmadan, müxtəlif üsullarla zəbt olunmuş və yaxud əldə edilmiş ərazilərdə inşa olunması və evlərin tikintisi prosesində şəhərsalma qanunvericiliyinin tələblərinin pozulması, bu qaydalara əməl olunmamasıdır:

"İlkin qeydiyyat məsələsi olduqca ciddi məsələdir. Daşınmaz əmlakın ilkin qeydiyyatı üçün “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” qanunda nəzərdə tutulan müəyyən sənədlər var. Həmin sənədlərdən biri və yaxud bir neçəsi vətəndaşın əlində olmalıdır. Amma araşdırmalar göstərir ki, həmin ərazilərdə yaşayan vətəndaşların əlində qeyd etdiyimiz sənədlərin heç biri yoxdur, ümumiyyətlə, sənəd yoxdur. Yəni bu prosesin, belə deyək, bu cür problem halına gəlib çıxması, bax, əsasən, bu səbəblərlə bağlıdır".

Mütəxəssis bildirib ki, prosesin sürətləndirilməsi üçün ilk növbədə bu prosesə başlanılması, start verilməsi üçün müəyyən qaydalar müəyyən olunmalıdır:

"Qanunvericiliyə dəyişiklik edilməlidir. Mənim subyektiv fikrim ondan ibarətdir ki, burada prosesi ayrı-ayrı normativ hüquqi aktlara dəyişiklik etməklə həll etmək üçün bizə yenə də on illər lazım ola bilər. Amma bu prosesin tez və operativ həllini istəyiriksə, hesab edirəm ki, burada da ötən dövrlərdə olduğu kimi, məsələn, çoxmərtəbəli binaların istismarına icazənin sadələşdirilməsi, qeyri-yaşayış sahələri ilə bağlı cənab Prezidentin fərmanı kimi, ölkə başçısı tərəfindən fərman verilməlidir və həmin fərman çərçivəsində ümumi amnistiya tətbiq olunmalıdır".

Müsahibimiz amnistiyada da müəyyən konseptual qərarların qəbul olunmalı olduğunu diqqətə çatdırıb:

"Məsələn, hansı evlər sənədləşdirilə bilməz, ümumiyyətlə, sənədləşdirilməsi mümkün deyil, hansılar sənədləşdirilə bilər və hansı qaydalarla. Burada Türkiyə təcrübəsinin tətbiq olunması ilə bağlı Milli Məclisdə deputatlar tərəfindən təşəbbüs irəli sürüldü. Evin dəyərinin müəyyən hissəsi məbləğində xidmət haqqının ödənilməsi və sair məsələlər gündəmə gəldi. Yunanıstan, Balkan ölkələri və Türkiyə təcrübəsinin öyrənilərək tətbiq olunması məsələsi də müzakirə edildi. Amma gedişat onu göstərir ki, burada istək görünmür. Yəni istək olarsa, məncə, həmin məsələnin həlli üçün elə də ciddi problem yoxdur".

Ekspertin qənaətinə görə, bu evlərin sənədləşdirilməsi və bütövlükdə əmlak bazarında hüquqi dövriyyəyə cəlb olunması iqtisadi baxımdan dövlətə çox ciddi səmərə verə bilər:

"Birincisi, bu evlərin sənədləşdirilməsindən büdcəyə kifayət qədər böyük məbləğdə vəsait daxil ola bilər. Sonrakı mərhələdə isə, məsələn, bu evlər onsuz da sənədli və yaxud sənədsiz alınır, satılır və sair. Müəyyən qeyri-qanuni əməliyyatlara cəlb olunur. Həmin əməliyyatlar nəticəsində, tutaq ki, vergi qanunvericiliyinə uyğun olaraq, ev vergilərinin ödənilməsi, alqı-satqı əməliyyatları zamanı yüklü vərəqələrin alınması, təkrar qeydiyyatla bağlı rüsumlar, notariat rüsumları, üstəgəl bu əmlakların sığortaya cəlb olunması, icbari sığorta predmetinə çevrilməsi, bundan sonra bələdiyyə yığımlarında, yəni əmlak vergisi ilə bağlı bələdiyyə yığımlarında əhəmiyyətli dəyişikliklərin baş verməsi mümkündür.

Bütün bunlar, təbii ki, sizin qeyd etdiyiniz kimi, əhəmiyyətli dərəcədə vəsaitlərin, resursların bu istiqamətlərdə toplanmasına, yığılmasına kömək edə bilər".

Ramil Osmanlı eyni zamanda əlavə edib ki, paralel olaraq belə bir qərar qəbul olunarsa, gələcəkdə analoji qanunsuz tikililərin meydana gəlməsinin qarşısının alınması üçün də müəyyən addımlar atılmalıdır və atıla bilər.

"Hesab edirəm ki, bu məsələ həm iqtisadi, həm də hüquqi baxımdan vətəndaşların qeydiyyat probleminin həllinə (pasport qeydiyyatı), vətəndaşların səhiyyə və icbari tibbi sığorta hüquqlarından istifadəsinə, təhsil hüquqlarından istifadəsinə, seçki hüquqlarının təmin olunmasına və sair məsələlərə də hüquqi baxımdan çox ciddi təkan verə bilər", - deyə o fikrini yekunlaşdırıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər