Əlverişsiz hava faciəyə səbəb oldu - Himalayda helikopter qəzaya uğradı
Hindistanın Uttarakhand ştatında, Himalay dağlarında helikopter qəzaya uğrayıb. Hadisə ilə bağlı xilasetmə əməliyyatı başladılıb.
TodayPress TV xəbər verir ki, bu barədə ştatın baş naziri Puşkar Sinqh Dhami məlumat yayıb.
Onun sözlərinə görə, qəza Coşimat yaxınlığındakı Çayen kəndi ərazisində baş verib. Rayon administrasiyası, Təbii Fəlakətlərin İdarə Edilməsi Departamenti və təcili yardım qüvvələri hadisə yerində xilasetmə işləri aparır.
“News18” nəşrinin məlumatına görə, helikopterdə pilot da daxil olmaqla altı nəfər olub.
Bildirilib ki, helikopter yerli vaxtla saat 14:15 radələrində qar yağışı şəraitində Badrinat şəhərindən havaya qalxıb. Bundan sonra hava gəmisi ilə əlaqə kəsilib.
Ştatın baş naziri ağır yaralıların ixtisaslaşmış tibb mərkəzlərinə çatdırılması ilə bağlı göstəriş verildiyini bildirib.
Hadisənin səbəbi və sərnişinlərin vəziyyəti barədə hələlik ətraflı məlumat açıqlanmayıb.
Türkan İsgəndərli