İspaniyada sursat fabrikində güclü partlayış: Yaralılar var
İspaniyanın Qranada şəhərində yerləşən El Farqe sursat fabrikində güclü partlayış baş verib. Hadisə nəticəsində bir neçə işçinin yüngül xəsarət aldığı bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə Europa Press agentliyi məlumat yayıb.
Partlayış oktyabrın 30-u yerli vaxtla saat 09:00 radələrində fabrikin barıt yandırma sahəsində qeydə alınıb.
Partlayış şəhərin müxtəlif ərazilərində və ətraf yaşayış məntəqələrində hiss olunub. Hadisədən sonra ərazidən səmaya qalın tüstü sütunu yüksəlib.
İlkin məlumata görə, xəsarət alan işçilərin əksəriyyətində eşitmə pozuntusu, bəzilərində isə yüngül yanıqlar qeydə alınıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Ölən və ağır yaralananların olmadığı bildirilir.
Partlayışın səbəbi araşdırılır. İlkin ehtimala görə, hadisə artilleriya mərmilərinin məhv edilməsi və ya keyfiyyət yoxlaması zamanı baş vermiş ola bilər. Fabrikin rəhbərliyi hadisəni qəza kimi qiymətləndirib.
Polisin partlayıcı maddələrlə mübarizə üzrə TEDAX qrupu ərazidə araşdırma aparır. Təhlükəsizlik məqsədilə fabrikə giriş müvəqqəti məhdudlaşdırılıb.
Qeyd edək ki, El Farqe İspaniyanın ən qədim hərbi sənaye müəssisələrindən biridir və hazırda Slovakiyanın "MSM Group" şirkətinin tərkibində fəaliyyət göstərir.
Türkan İsgəndərli