Azərbaycanda yaşayış minimumu artırılır, amma... - AÇIQLAMA

Azərbaycanda yaşayış minimumu artırılır, amma... - AÇIQLAMA
30.10.2026 14:45 Sosial

2027-ci ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 4,7% və ya 14 manat artırılaraq 314 manata çatdırılması nəzərdə tutulub.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli bildirib ki, təklif olunan artım real inflyasiya göstəricilərindən geri qalır:

"2027-ci il üçün yaşayış minimumunun 314 manat müəyyən edilməsi təklifi əhalinin real dolanışıq xərcləri baxımından ciddi müzakirə doğurur. Çünki 2026-cı ildə bu göstərici 300 manat idi. Beləliklə, artım cəmi 14 manat və ya 4,7 faiz təşkil edir. Gündəlik hesabla bu, cəmi 47 qəpik əlavə vəsait deməkdir. Halbuki ərzaq, kommunal xidmətlər, nəqliyyat, dərman və digər gündəlik tələbat xərclərinin artması ailələrin büdcəsinə daha böyük təzyiq göstərir".

İqtisadçı rəsmi statistikaya istinad edərək vurğulayıb ki, qiymət artımı təklif edilən indeksasiyadan daha yüksəkdir:

"Rəsmi statistikaya görə, 2026-cı ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri 5,7 faiz, ərzaq məhsulları üzrə isə 6,9 faiz artıb. Deməli, təklif olunan 4,6 faizlik artım son dövrün inflyasiya göstəricisindən geri qalır. Məsələn, 2026-cı ildəki 300 manatın alıcılıq qabiliyyətini qorumaq üçün 5,7 faizlik bahalaşma nəzərə alınarsa, yaşayış minimumu təxminən 317 manat olmalıdır. Təklif edilən 314 manat isə bundan da aşağıdır".

Ekspert müxtəlif sosial qruplar üçün nəzərdə tutulan məbləğlərə də toxunaraq, xüsusilə pensiyaçıların vəziyyətinə diqqət çəkib:

"Digər mühüm məqam ondan ibarətdir ki, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün 274 manat nəzərdə tutulur. Xüsusilə pensiyaçılar üçün müəyyən edilən 258 manatın dərman, kommunal xidmətlər və ərzaq xərclərini qarşılamaq imkanları məhduddur".

A. Nəsirli əlavə edib ki, əsas məsələ göstəricinin mexaniki şəkildə artırılması deyil, onun strukturu və mahiyyətidir:

"Əsas problem yaşayış minimumunun nominal artırılması deyil, onun real istehlak xərclərinə uyğun müəyyən edilməsidir. Bu göstərici insanların yalnız minimum qida ehtiyaclarını deyil, geyim, nəqliyyat, mənzil, səhiyyə və digər zəruri xərclərini də əhatə etməlidir. Bir məqamı da nəzərə almaq lazımdır: yaşayış minimumu hər vətəndaşa ödənilən məbləğ deyil, sosial siyasətin və minimum istehlak tələbatının müəyyənləşdirilməsi üçün istifadə olunan göstəricidir. Buna görə də onun artımı avtomatik olaraq əhalinin gəlirlərinin eyni həcmdə yüksəlməsi demək deyil", - sədr qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər