Ermənistanda keçiriləcək paradın silahları İFŞA EDİLDİ - Paşinyan pis vəziyyətdə qaldı
“Ermənistanın əldə etdiyi Çin PUA-ları regional güc balansına təsir etməyəcək”.
Hərbi ekspert Ədalət Verdiyev TodayPress TV-yə açıqlamasında Ermənistanın 28 mayda keçiriləcək hərbi paradı çərçivəsində nümayiş etdirilən Çin istehsalı olan "CH-4 Rainbow" pilotsuz uçuş aparatlarının (PUA) texniki imkanları və potensial təsirləri barədə danışıb.

O bildirib ki, Ermənistanın paytaxtında keçiriləcək hərbi parada hazırlıq məşqləri artıq başlayıb. Ekspertin sözlərinə görə, Müdafiə Nazirliyi hazırlıq prosesinin çəkilişlərini qadağan etməsi və buna görə cərimələrlə bağlı dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, yayılan görüntülərdə Fransanın "CAESAR" özüyeriyən artilleriya qurğuları və Çin istehsalı olan zərbə tipli "CH-4 Rainbow" PUA-ları müşahidə olunub.
Ə. Verdiyev qeyd edib ki, Ermənistanın əldə etdiyi PUA-ların dəqiq sayı məlum deyil, lakin təxminən 3 ədəd olması mümkündür. O bildirib ki, Gümrü aviabazasında yerləşdirilən "CH-4"lərin alınması ilə bağlı Ermənistan Müdafiə Nazirliyi rəsmi açıqlama verməyib və bunu erməni xalqına seçkiqabağı “sürpriz” kimi təqdim etmək istəyib:
“Amma alınmadı. Suren Papikyanın növbəti teatral şousu baş tutmadı”.
Onun sözlərinə görə, "CH-4" Çin dövlət korporasiyası "CASC" tərəfindən 2014-cü ildən istehsal olunan hücum və kəşfiyyat PUA-larından biridir və dizayn baxımından ABŞ-nin "MQ-9 Reaper" PUA-sının plagiat versiyası hesab olunur.

Aparatın iki versiyası mövcuddur:
“CH-4A" versiyası əsasən hava kəşfiyyatı, müşahidə və hədəf göstərilməsi, "CH-4B" versiyası isə havadan yerə zərbələr üçün nəzərdə tutulub. Ermənistan tərəfindən bir kəşfiyyat və iki zərbə versiyasının alınması ehtimalı yüksəkdir.
Ekspert PUA-nın əsas taktiki-texniki xüsusiyyətlərini izah edib:
Ədalət Verdiyev bildirib ki, "CH-4B" aparatı "AR-1" tank əleyhinə raketlər, lazerlə idarə olunan "FT-5" bombaları və ağıllı sursatlarla silahlana bilir. Onun sözlərinə görə, aparat cəbhə xəttindən uzaq məsafələrdə müşahidə aparmağa, artilleriya atəşini tənzimləməyə, texnika və şəxsi heyətə zərbələr endirməyə imkan verir.
Bununla belə, ekspert qeyd edib ki, "CH-4" son illərdə Yaxın Şərq və Afrika bölgələrində aşağı intensivlikli münaqişələrdə istifadə olunsa da, döyüş əməliyyatlarının gedişatına ciddi təsir göstərən xüsusi nailiyyətlə yadda qalmayıb. Bu aparatların əsas çatışmazlıqları aşağı sürət, az faydalı yük və radarlara yüksək görünmə əmsalı ilə bağlıdır.
“Ermənistan Vətən Müharibəsi və sonrakı əməliyyatlar zamanı Azərbaycana qarşı bənzər PUA-lardan istifadə etsə də, döyüş əməliyyatları zonasında bir dəfə də olsun təşəbbüsü ələ keçirə bilməmişdi. Buna görə də əldə edilən məhdud sayda Çin PUA-ları və Fransa silahları heç bir halda regional güc balansına təsir etməyəcək”, - deyə hərbi ekspert fikrini yekunlaşdırıb.
Aysel Mətləb