Ermənilər Bülbüldən o qədər qorxurdular ki, 31 il sonra büstünün başına avtomatla atəş açdılar
İncəsənət sahəsində məşhur ermənilər — Şarl Aznavur, Aram Xaçaturyan, Arno Babadjanyan, Civan Qasparyan, Serj Tankyan və digərləri ölkələrinin tanınması üçün hər vasitəyə əl atmaqdan çəkinmirdilər, elə indi də bu siyasət davam etdirilir. Burada qondarma “erməni soyqırımı” məsələsi də onlar üçün prioritet təşkil edir.
Azərbaycan torpağında müsəlman Şərqində ilk yazıçı, dramaturq, jurnalist, bəstəkarın meydana gəlməsindən başlanan milli özünüdərk yolu tarixdə Azərbaycan adlı ilk şərq respublikasının yaranmasına doğru vüsətlə yüksəlib. Bu şərəfli yolda tale Bülbülə də novator sənətkar olmaq qismətini yazıb və üzərinə düşən şərəfli missiyadan o, əsl qalib – müqtədir sənətkar qismində çıxıb.
Müasir dünyada mədəniyyət və incəsənət çoxdan böyük siyasətin tərkib hissəsinə, dövlətlərin “Yumşaq güc” (Soft power) elementinə çevrilib. İngilis filosofu Frensiz Bekon yazırdı: “Bizə elə gəlir ki, insanlar həm öz qabiliyyətlərini, həm də güclü cəhətlərini doğru dəyərləndirmirlər: birincilər şişirdir, ikincilər isə kiçildirlər”. Biz millət olaraq eqoist deyilik, bəlkə də buna görə dahi sənətkarlarımızın və xalq təəssübkeşlərinin dünya miqyasında tanınmasında bəzən təvazökarlıq edirik. Lakin bu gün — 22 iyun tarixində 129 illiyi tamam olan dahi Bülbülün (Murtuza Məmmədov) irsi bizə təvazökarlıqdan uzaq, milli qürurla danışmaq haqqı verir.
22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə doğulan Murtuzaya bülbülləri yamsılayıb vurduğu zəngulələrə görə xalq "Bülbül" adını vermişdi. Şuşanın xanəndəlik mühitində yetişən bu gənc, sonralar müsəlman aləmindən İtaliyaya — dahi ifaçıların məbədi sayılan "La Skala" teatrına təhsil almağa gedən ilk vokalçı oldu.
1927–1931-ci illərdə Milanda Maestro Qranidən dərs alan Bülbül, vaxtını xarici kitabxanalarda vokal sənətinin metodologiyasını öyrənməyə sərf edirdi. O, dahi rus bası Fyodor Şalyapini 14 dəfə canlı dinləyərək onun registrlərarası keçid sirlərini mənimsəmişdi. 1931-ci ildə İtaliyanın “Arte nostra” jurnalı yazırdı:
“Bülbül spesifik Şərq oxumasından Avropa oxuma məktəbinə keçmişdir... O, Avropada topladığı bilikləri öz xalqına vermək üçün vətəninə tələsir”
Vətənə dönən sənətkar 1932-ci ildə Elmi-Tədqiqat Musiqi Kabinetini yaradaraq rayonlardan 150-dən çox xalq mahnısını nota köçürtdü. Onun bu qlobal fəaliyyəti dünya miqyasında əks-səda doğurdu. Bu gün Bülbül haqqında fundamental ədəbiyyatlar ABŞ Konqres Kitabxanası, Harvard, İndiana, Ohayo dövlət universitetləri, həmçinin Almaniya, Polşa, Latviya və Türkiyə Milli kitabxanalarının fondlarında saxlanılır.
Bülbülün yaradıcılıq coğrafiyası geniş idi. 1920-ci illərdə o, İrəvan teatr mühitində fəal çıxışlar edir, Üzeyir və Zülfüqar Hacıbəyovların truppaları ilə erməni elitasının qarşısına çıxırdı. Onun İrəvan səhnəsində canlandırdığı "Koroğlu" operası (karyerası boyu 400 dəfədən çox ifa edib) zamanı maraqlı bir tarixi hadisə yaşanmışdı. Koroğlunun at belində, yalın qılıncla meydana daxil olduğu səhnədə Bülbülün nərəsi zaldakı erməni tamaşaçılarda elə bir real qorxu yaradır ki, onların böyük qismi hücum olduğunu zənn edərək zalı kütləvi şəkildə tərk edib qaçır.
Bu daxili qüdrət İkinci Dünya Müharibəsi illərində cəbhə xəttinə daşındı. Bülbül bədii-konsert briqadası ilə Bryansk və Zaqafqaziya cəbhələrində, səhra hospitallarında əsgərlər qarşısında yüzlərlə konsert verdi. O, təkcə səsi ilə deyil, maddi imkanları ilə də cəbhəyə dəstək oldu — şəxsi vəsaitindən 200 min manat pulu müdafiə fonduna bağışladı. Bu vətənpərvərliyinə görə Ali Baş Komandan İosif Stalin 1943 və 1944-cü illərdə Bülbülün adına xüsusi minnətdarlıq teleqramları göndərmişdi:
“Yoldaş Bülbül, Qızıl Ordunun zirehli tank qüvvələrinə qayğınıza görə mənim salamımı və Qızıl Ordunun minnətdarlığını qəbul edin”.
Bülbülün ən az toxunulan tərəfi onun böyük ictimai-siyasi və deputatlıq fəaliyyətidir. 1937-ci ildə qəbul edilmiş yeni Konstitusiyadan sonra formalaşan Azərbaycan SSR Ali Sovetinə Bülbül ilk çağırışdan (1938) etibarən deputat seçildi. O, xalqın böyük etimadı ilə ömrünün son gününə — 26 sentyabr 1961-ci ilə qədər I, II, III, IV və V çağırış Ali Sovetin deputatı olaraq fəaliyyət göstərdi.
Kommunist diktaturasının və repressiyaların hökm sürdüyü, parlamentin formal qərarlara qol çəkməyə məcbur edildiyi o çətin tarixi dövrdə (məsələn, 1938-ci ildə bəzi torpaqlarımızın Ermənistana verilməsi protokolu zamanı) Bülbül kimi ziyalılar öz nüfuzlarından sipər kimi istifadə edərək, mədəniyyət, milli musiqi irsi və təhsil məsələlərini qanunverici orqanın gündəmində saxlaya bilirdilər.
Bülbül 1961-ci ilin iyulunda doğma Şuşasında, Real Məktəbin zalında son konsertini verdi. Ölümündən sonra Şuşada onun bürünc büstü ucaldıldı. Lakin 1992-ci ilin mayında Şuşa işğal olunanda erməni vandalizmi onun büstünü atəşə tutdu, alnından və gövdəsindən güllələdi. Heykəlləri metal kimi satmaq üçün Gürcüstana aparsalar da, Azərbaycan dövləti onları tunc qiymətinə geri satın alaraq Bakıya gətirdi və uzun illər İncəsənət Muzeyinin həyətində "Güllələnmiş abidələr" kimi nümayiş etdirdi.
Oğlu Polad Bülbüloğlu o illərdə ürək ağrısı ilə deyirdi:
“Bakıda Bülbülün bir “yaralı” abidəsi var... Qarabağda isə nəinki abidələr, həm də ermənilər tərəfindən işğal olunan Bülbülün şəhəri, onun gəzdiyi küçələr, ata ocağı “yaralıdır”...”
Ulu öndər Heydər Əliyevin "milli qürurumuz" adlandırdığı və 1982-ci ildə Bakıda Memorial Muzeyini açdığı sənətkarın abidəsi, 28 illik həsrətdən sonra — 2021-ci ilin yanvarında Prezident İlham Əliyevin göstərişi ilə yenidən azad Şuşaya qaytarıldı.
Zaman keçdikcə bu dahi sənətkarın həyatı sönməyən işıqlı bir əfsanəyə çevrilir. İrəvan səhnəsində səsindən qorxub qaçdıqları Bülbül, bu gün bürünc büstünün üzərindəki qürurlu güllə izləri ilə Şuşada yenidən dik dayanır və bizə Bəxtiyar Vahabzadənin bu misralarını xatırladır:
Sənə ellər verib “Bülbül” adını,
Əbədi qalacaq vurduğun cəh-cəh!
Çox bülbül görübdür qoca dünyamız,
Səndən nə gəlməyib, nə də gələcək!
Qiymət Mahir