Erməni millətçilərindən YENİ YUXU: "Ermənilər və yəhudilər eyni soydandır, bəs niyə Azərbaycanla dostdur?"

Təhlil

14.04.2026 14:52

13 aprel 2026-cı ildə erməni millətçilərinin istifadə etdiyi sosial şəbəkə hesabında belə bir post yayılıb: 

“Yəhudilər və ermənilər eyni tarixə malikdir – irqçilik, sürgünlər, qırğınlar, soyqırımlar, faciələr. Amma İsrail yenə də Azərbaycan və Türkiyəni dəstəkləyir. Ermənistan və İsrail düşmən deyil, müttəfiq olmalı idilər. İsrail hökuməti hətta erməni soyqırımını belə tanımır”.

Erməni millətçilərinin yeni taktikası ilə qarşı-qarşıyayıq. Genetik “qohumluq” iddiası ilə erməni-yəhudi “qardaşlığı” şişirdilir, Azərbaycan-İsrail strateji ittifaqı “xəyanət” kimi təqdim edilir. 

Erməni və yəhudi xalqları arasında bəzi qədim genetik oxşarlıqlar var, amma bu, “eyni soy” demək deyil:

2015-ci ildə “American Journal of Human Genetics”də dərc olunmuş geniş araşdırma göstərir ki, ermənilər genetik olaraq yaxın Şərq xalqları (livanlılar, druzlar, kiprlilər) və bəzi yəhudi qrupları (xüsusilə sefard yəhudiləri) ilə oxşarlıq göstərir. Hər ikisi qədim Yaxın Şərq (Levant) genetik komponentini saxlayır. Ermənilərə sonradan (Tunc dövründən sonra) Levant mənşəli axını olub, amma əsasən Qafqaz və Anadolu mənşəlidir.

Yəhudi genetikası araşdırmaları göstərir ki, yəhudilər əsasən Levant mənşəlidir, amma ermənilərlə oxşarlıq “ümumi Yaxın Şərq kökü”ndən gəlir, “eyni xalq” demək deyil. Aşkenazi yəhudiləri ilə ermənilər arasında müasir genetik üst-üstə düşmə çox azdır.

Eran Elhaik kimi bəzi marjinal nəzəriyyə müəllifləri (Xəzər hipotezi) ermənilərin mənşəyini “yəhudi kökləri” ilə əlaqələndirməyə çalışsalar da, aparıcı genetiklər (Hammer, Ostrer) bunu rədd edirlər. Aradakı oxşarlıq sadəcə qədim regional yaxınlıqdan qaynaqlanır.

Ümumilikdə, elmi cəhətdən “eyni soy” iddiası yalandır. Ortaq cəhət yalnız qədim Yaxın Şərq ərazisidir.

İsrail-Ermənistan “qardaşlığı” xülyası isə sadəcə təbliğatdır. Azərbaycan İsrailin neft ehtiyacının təxminən 40-50%-ni təmin edir. Qarşılığında İsrail Azərbaycana müdafiə texnologiyaları (dronlar, raketlər) verir. Bu, 1990-cı illərdən bəri davam edən enerji-təhlükəsizlik ittifaqıdır. Həmçinin İsrail rəsmən “erməni soyqırımı”nı tanımır.

Bəs bu paylaşım nəyə hesablanıb?

Bu və oxşar paylaşımlar, əslində, İran auditoriyasına hesablanıb:

İran rejimi Azərbaycan-İsrail əlaqələrini “ekzistensial təhlükə” sayır. Tehranın mediası və erməni lobbiçiləri məhz bu əlaqələri geniş işıqlandırır. Məqsəd isə İran daxilində (xüsusilə Azərbaycan türkləri yaşayan ərazilərdə) anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaqdır. Bu, erməni millətçiliyinin klassik üsuludur: öz faciələrini başqalarının (Azərbaycanın) əleyhinə istifadə edib, üçüncü tərəfi (İranı) qızışdırmaq.

“Ermənilər və yəhudilər eyni soydandır, amma Azərbaycan niyə dostdur?” sualı siyasi təxribatdır. Erməni lobbiçilərinin bu cür narrativi regionda gərginliyi artırmaq üçün istifadə olunur. 

Qiymət Mahir

tag: Ermənilər,Yəhudilər,Soy,Azərbaycan,Todaypress.tv,