Ən ağıllı erməni: "Çıxış yolumuz Bakı və Ankaradır!'"
Təhlil
08.04.2026 12:06
ABŞ, İsrail və İran arasında fevralın sonundan bəri davam edən müharibədə aprelin 8-də iki həftəlik atəşkəs razılaşması əldə olunub.

Bu proses Cənubi Qafqaza, xüsusilə Ermənistana birbaşa təsir göstərir. Martın 5-də İran dronlarının Naxçıvan Beynəlxalq Aeroportuna vurduğu zərbə regionda gərginliyin nə qədər asanlıqla yayıldığını göstərdi. Eyni zamanda ABŞ-nin dəstəklədiyi TRIPP (Trump Route for International Peace and Prosperity) nəqliyyat dəhlizinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar artıb.
Bu yeni geosiyasi reallıq Ermənistanın xarici siyasət strategiyasını yenidən düşünməyə vadar edir. Kiçik dövlət kimi Ermənistan böyük oyunçuların müharibə məntiqindən kənarda qala bilmir və öz təhlükəsizlik risklərini minimuma endirmək məcburiyyətindədir.
TodayPress TV-yə danışan erməni jurnalist Natali Aleksanyana görə, Ermənistan ətrafında formalaşan yeni geosiyasi reallıq uzun illər boyu kök salmış yanaşmalara yenidən baxmağı zəruri edir:

“Yaxın Şərqdə gərginliyin artması, xüsusilə ABŞ–İsrail–İran üçbucağında baş verən proseslər sadə həqiqəti göstərir: kiçik dövlətlər böyük oyunçuların məntiqi ilə yaşaya bilməzlər. Bu şəraitdə Ermənistan üçün əsas prioritet geosiyasi düşərgələr arasında seçim etmək deyil, ən yaxın və həssas istiqamətlərdən başlayaraq öz risklərini azaltmaq olmalıdır. Bu istiqamətlər isə aydındır: Türkiyə və Azərbaycan. Burada yanaşmanın mahiyyətini düzgün anlamaq vacibdir. Söhbət emosiyalardan, tarixi qiymətləndirmələrin yenidən nəzərdən keçirilməsindən və ya ümumiyyətlə dostluqdan getmir. Söhbət dövlət maraqlarından irəli gələn, mərkəzində sabitliyin təmin olunması dayanan soyuq, hesablanmış siyasətdən gedir”.
Jurnalistin qənaətincə, Ermənistan təhlükəsizlik sahəsində əsas risklərinin birbaşa regiondan qaynaqlandığını nəzərə almaya bilməz:
“Deməli, əgər gərginliyi azaltmaq, kommunikasiyaları açmaq, daha proqnozlaşdırıla bilən mühit formalaşdırmaq üçün, hətta məhdud da olsa, imkan mövcuddursa, bu imkandan istifadə olunmalıdır. Çünki azaldılmış hər bir risk qazanılmış vaxt deməkdir, belə şəraitdə isə vaxt ən qiymətli resursdur. Eyni zamanda belə siyasət Ermənistana tez-tez öz maraqlarını rəhbər tutan və hər zaman real təhlükəsizlik zəmanətləri verməyə hazır olmayan xarici qüvvələrdən daimi asılılıq vəziyyətindən çıxmağa imkan verir. Regionda gərginlik səviyyəsi azaldıqca, xarici təsir rıçaqları da zəifləyir. Bu yanaşma narahat görünə və ölkə daxilində tənqid doğura bilər, lakin dövlət siyasəti komfort üzərində deyil, effektivlik üzərində qurulur. Bu halda effektivlik müharibə ehtimalının maksimum dərəcədə azaldılması və gələcək üçün daha proqnozlaşdırıla bilən mühitin formalaşdırılması deməkdir”.
N.Aleksanyan düşünür ki, Ermənistan qlobal münaqişələrin gedişatını dəyişə bilməz, lakin öz yaxın mühitində gərginliyin azaldılması üzərində işləyə bilər və işləməlidir. Əgər Türkiyə və Azərbaycanla münasibətlərin mərhələli normallaşdırılması, hətta mürəkkəb və ziddiyyətli şəraitdə belə, risklərin azalmasına gətirib çıxarırsa, bu, güzəşt kimi deyil, rasional və uzaqgörən dövlət siyasəti kimi qiymətləndirilməlidir.

“Regionda gərginliyin azaldılmasına və proqnozlaşdırıla bilmənin artırılmasına yönəlmiş hər bir addım, müxtəlif dairələr tərəfindən nə qədər mürəkkəb və ziddiyyətli qəbul olunsa da, öz dəyərinə malikdir. Həmçinin qeyd etmək lazımdır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən atılan addımlar, hətta məhdud səviyyədə belə, vəziyyətin sabitləşdirilməsinə və yeni eskalasiya risklərinin azaldılmasına yönəlib. Bu, problemlərin tam həll edilməsi və ya ziddiyyətlərin aradan qaldırılması demək deyil. Lakin siyasətdə çox vaxt əsas nəticə yekun həll deyil, risklərin idarə olunması və vaxt qazanılmasıdır. Məhz bu baxımdan belə yanaşmalar regional gərginliyin azaldılmasına və daha proqnozlaşdırıla bilən mühitin formalaşdırılmasına yönəlmiş ayıq və praqmatik siyasətin təzahürü kimi qiymətləndirilməlidir”, - deyə N.Aleksanyan fikirini yekunlaşdırıb.
Qiymət Mahir
tag: Natali Aleksanyan,Erməni jurnalist,Bakı,Ankara,Todaypress.tv,
