“Dəlilər”, “Cəhənnəmdə yaşayacaqsınız!” ...— Ağ Evin dili niyə “küçə davası”na döndü?

Təhlil

08.04.2026 13:53

ABŞ Prezidenti Donald Tramp 6 aprel səhəri “Truth Social”da belə bir paylaşım etdi:

“Çərşənbə axşamı İranda “Elektrik stansiyaları günü” və “körpülər günü” olacaq — hamısı bir yerdə. Belə bir şey olmayıb!!! Boğazı açın, ey dəlilər, yoxsa cəhənnəmdə yaşayacaqsınız — GÖRƏCƏKSİNİZ! Allaha şükürlər olsun”.

Ümumiyyətlə, Trampın ritorikası tez-tez ictimaiyyəti heyrətə gətirir. Çünki müharibə vaxtı prezidentlər adətən belə danışmır.

“The Atlantic” jurnalının məşhur tarixçi və siyasi analitiki Barbara A. Perri yazır ki, Tramp “bully pulpit” (Teodor Ruzveltin “güclü tribun” adlandırdığı prezident kürsüsü) anlayışını tamamilə dəyişib. Əvvəlki prezidentlər bu kürsüdən xalqı sakitləşdirmək, diplomatiya aparmaq və ciddi dövlət adamı kimi görünmək üçün istifadə edirdilər. Tramp isə onu açıq təhdid kobudluq platformasına çevirib.

Bəs əvvəlki prezidentlər necə davranırdı?

- Con Kennedi 1962-ci ildə Kubadakı raket böhranında televiziya ilə xalqına müraciət edərkən Nikita Xruşşovu “clandestine, reckless and provocative” (gizli, düşüncəsiz və təxribatçı) adlandırmışdı, amma dili aydın və diplomatik idi.

- Lindon Conson Vyetnam müharibəsində bombardmanları davam etdirəndə belə “hədəflər hərbi obyektlərdir, diqqətlə idarə olunur” deyə vurğulamışdı.

- Corc Buş Körfəz müharibəsində qələbədən sonra əsgərlərin “qayğıkeş və səxavətli” olmasını xatırladaraq səsini titrədərək danışmışdı.

- Ronald Reyqan, Cimmi Karter, Franklin Ruzvelt – hamısı müharibə və böhran anlarında ciddi, ölçülü və ləyaqətli ton saxlamağa çalışırdılar.

Tramp isə onlardan fərqli davranır. Perri qeyd edir ki, bu, sadəcə üslub fərqi deyil, prezidentlik ənənəsində ciddi qırılmadır.

Müharibə vaxtı liderin dili həm öz xalqına, həm də düşmənə siqnal verir. Trampın kobud tonu bəzilərinə “güclü lider” kimi görünə bilər, amma tarix göstərir ki, belə çıxışlar çox vaxt əks effekt verir, diplomatik yolu çətinləşdirir.

Hal-hazırda ABŞ-İsrail-İran münaqişəsində iki həftəlik atəşkəs razılaşması yeni qüvvəyə minib. Bu, Trampın ritorikasını dəyişəcəkmi? Sual artıq Vaşinqtonun özündə də müzakirə olunur.

Qiymət Mahir

tag: ABŞ,Donald Tramp,Truth Social,Ağ ev,Todaypress.tv,