Qonşularını istilikdən məhrum edən şəxs məsuliyyət daşıyır
“İstilik enerjisindən istifadə qaydaları”nın 7.1.11-ci bəndinə əsasən istehlakçılar “yaşayış binasının layihəsinə əsasən mənzildən keçən və binanın ümumi istifadəsində olan birdən artıq mənzildən keçən istilik xətlərinin özbaşına olaraq yerinin dəyişdirilməməsi, kəsilməməsi və ya dövriyyənin pozulmasına səbəb olan digər hallara yol verilməməsi”nə görə məsuliyyət daşıyırlar.
TodayPress TV xəbər verir ki, bunu Azərtac-a müsahibəsi zamanı Azəristiliktəchizat ASC-nin sədri İlham Mirzəliyev deyib.
İ.Mirzəliyev diqqətə çatdırıb ki, qaydaların 8.2-ci bəndində deyilir:
“İstilik təchizatının fərdi qaydada dayandırılması çoxmənzilli yaşayış binalarında mənzillər üzrə boruların şaquli paylanması halında mənzilin daxilində yalnız digər istehlakçıların hüquqları pozulmadan həyata keçirilməlidir. İstilik təchizatının fərdi qaydada dayandırılması halında mənzilin daxilindən keçən dik boru hər hansı birləşmə və ya əlaqələndirici olmadan keçməli, belə birləşmə və ya əlaqələndirici olduğu halda onlar müvafiq qaydada plomblanmalıdır”.
O əlavə edib ki, sakin mərkəzləşdirilmiş sistemdən çıxa bilər, amma mənzilindən keçən ümumi şaquli boruya toxunmamalıdır: “Bu qaydanı pozaraq qonşularını istilikdən məhrum edən şəxs məsuliyyət daşıyır”.