Azərbaycanda doğuldu, Ermənistana rəhbər olmaq istəyir...
Təhlil
07.04.2026 12:27
Ermənistanda keçiriləcək parlament seçkilərinə sayılı günlər qalıb. Bu dəfə hakimiyyət üçün Baş nazir Nikol Paşinyana qarşı savaşanlardan biri də sabiq prezident Robert Koçəryandır.

O, hazırkı rəhbərliyi ölkəni zəiflətməkdə ittiham edir və 2026-cı il seçkilərində qalib gəlmək istəyir. Koçəryan deyir ki, Ermənistanı yenidən güclü dövlətə çevirəcək və Rusiya ilə əvvəlki kimi yaxın olacaq.
Koçəryanın kim olduğuna və nələr etdiyinə nəzər salaq.
Robert Koçəryan Xankəndidə doğulub və gənclik illərində orada zavodlarda işləyib. 1988-ci ildə Qarabağda hadisələr başlayanda o, bu hərəkatın əsas rəhbərlərindən biri oldu. Müharibə illərində hərbi və siyasi işləri idarə etdi, bu da onu tanınmış simaya çevirdi. 1997-ci ildə onu Ermənistana Baş nazir kimi çağırdılar, bir il sonra isə o, ölkənin ikinci prezidenti seçildi.

Köçəryanın prezident olduğu 10 il ərzində (1998–2008) Ermənistanda iqtisadiyyat çox sürətlə böyüdü. Şəhərlərdə yeni binalar tikildi, zavodlar açıldı və insanların gəlirləri artdı. Amma bu parlaq mənzərənin arxasında bəzi qaranlıq məqamlar da var idi. Məsələn, ölkədəki böyük pullar və zavodlar yalnız kiçik bir qrupun — varlı "oliqarxların" əlində toplandı. Həmçinin Ermənistanın bir çox strateji müəssisəsi borcların əvəzinə Rusiyaya verildi.
Onun hakimiyyəti dövründə ən ağır hadisələrdən biri 1999-cu ildə parlamentdə baş verən atışma oldu. Həmin vaxt bir qrup şəxs içəri girərək baş naziri və digər rəhbərləri öldürdü. Bu hadisədən sonra Koçəryan ölkədə tək söz sahibi oldu. Lakin onun dövrü daha bir faciə ilə — 2008-ci ilin 1 martında bitdi. Yeni prezident seçkilərinə etiraz edənlərlə polis arasında toqquşma düşdü, küçələrə ordu yeridildi və 10 nəfər həlak oldu.
Prezidentlikdən gedəndən illər sonra, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişəndə Koçəryanı bu qanlı hadisələrə görə həbs etdilər. O, bir neçə dəfə həbsxanaya girdi, amma sonunda məhkəmə onu sərbəst buraxdı.
İndi Robert Koçəryan yenidən siyasətə qayıdıb. Baxmayaraq ki, hər kəs onu sevmir, hələ də ölkənin ən təcrübəli və iddialı siyasətçilərindən biri hesab olunur.
Qiymət Mahir
tag: Robert Köçəryan,Ermənistan,Seçki,Parlament,Todaypress.tv,
