Alyans HAZIR OLMALIDIR: ABŞ-nin çağırışına cavab verməsə...

Təhlil

16.03.2026 21:51

ABŞ Prezidenti Donald Tramp "Financial Times" qəzetinə müsahibəsində bildirib ki, Şimali Atlantika Alyansına üzv dövlətlər Hörmüz boğazının blokadadan çıxarılmasında ABŞ-yə kömək etməsələr, NATO-nu "çox pis gələcək" gözləyir.

Politoloq Yusif Bağırzadə bu barədə TodayPress TV-yə danışıb.


Analitik bildirib ki, Ağ Ev liderinin Hörmüz boğazı ilə bağlı açıqlaması alyansın qarşılaşa biləcəyi çətinlikləri və gələcək perspektivlərini qiymətləndirmək baxımından maraqlı nümunədir.

“ABŞ-nin strateji baxışına əsasən, əgər digər NATO üzvləri Hörmüz boğazı kimi kritik bir regional məsələni birlikdə dəstəkləməsə, alyansın həm siyasi nüfuzu, həm də qlobal təhlükəsizlikdəki rolu zəifləmə riski ilə üzləşə bilər. Trampın bəyanatı fonunda NATO-nu nələrin gözlədiyi ilə bağlı bir neçə mümkün ssenari mövcuddur”.

Ekspertin fikrincə, ilk növbədə alyansın daxili koordinasiya və vahid mövqe formalaşdırma qabiliyyəti sınaqdan keçə bilər. Onun sözlərinə görə, Hörmüz boğazı kimi strateji keçidlərdə təhlükəsizlik məsələləri üzv ölkələrin maraqları ilə sıx bağlıdır. Bəzi üzvlər enerji təhlükəsizliyinə və regional sabitliyə xüsusi önəm verir, digərləri isə məsuliyyəti daha az görür. Bu fərqlilik alyans daxilində qərar qəbuletmə prosesini ləngidə və bəzi hallarda anlaşılmazlıqlara səbəb ola bilər.


Y. Bağırzadə vurğulayıb ki, Trampın xəbərdarlığı da məhz bu risklərə işarə edir:

"Əgər NATO üzvləri birgə hərəkət etməsələr, alyansın strateji mövqeyi zəifləyə və birliyi sarsıla bilər”.

Siyasi şərhçi hesab edir ki, ikinci mühüm məsələ alyansın etibarlılığı və qlobal nüfuzunun sual altında qala bilməsidir. Onun fikrincə, NATO uzun illər qlobal təhlükəsizlik sistemində əsas aktorlardan biri kimi çıxış edib. Buna baxmayaraq, strateji məsələlərdə qeyri-müəyyən mövqe alyansın tərəfdaşlar qarşısında nüfuzunu azalda bilər.

“Hörmüz boğazı kimi kritik məkanlarda ABŞ-nin təkbaşına müdaxiləsi digər üzvlərin rolunu kiçildərək alyansın vahid təhlükəsizlik strategiyası kimi görünməsini çətinləşdirə bilər. Bu vəziyyət NATO-nun regiondakı strateji öhdəliklərinin yenidən nəzərdən keçirilməsini də gündəmə gətirə bilər. Əgər üzv ölkələr ABŞ-nin çağırışına cavab verməsə, alyans yeni təhlükəsizlik mexanizmləri və resurs bölüşdürmə modelləri hazırlamalıdır. Bu isə həm maliyyə, həm də hərbi planlaşdırma baxımından ciddi dəyişikliklər tələb edir", - deyə o qeyd edib.


Politoloq, həmçinin Trampın açıqlamasında xəbərdarlıq və təzyiq elementlərinin də hiss olunduğunu bildirib.

Analitikin fikrincə, Hörmüz boğazı məsələsi NATO üçün yalnız regional problem deyil, həm də alyansın vahidliyini və qlobal təhlükəsizlikdəki rolunu sınaqdan keçirən bir situasiyadır.

Aysel Mətləb

TodayPress TV

tag: Yusif Bağırzadə,NATO,Hörmüz,Donald Tramp,ABŞ,TodayPress TV,