Rus ordusunun iki generalı arasında toqquşma başladı
Rusiya müdafiə naziri Andrey Belousovla Baş Qərargah rəisi Valeri Gerasimov arasında ölkədə yeni səfərbərliyin elan edilməsi məsələsinə görə ciddi fikir ayrılığı yaranıb.
TodayPress TV xəbər verir ki, bu barədə yayılan məlumata əsasən, qapalı müşavirə zamanı Gerasimov əlavə səfərbərlik olmadan Rusiya ordusunun Donetsk istiqamətində qarşıya qoyulan vəzifələri yerinə yetirə bilməyəcəyini bildirib.
O, qərarın gecikdirilməsinin müharibədə məğlubiyyət riskini artırdığını vurğulayıb.
Gerasimov təqdim etdiyi hesablamalarda müqaviləli hərbçilərin hazırkı cəlbetmə tempinin yalnız ordunun itkilərini kompensasiya etməyə və mövcud cəbhə xəttini qorumağa imkan verdiyini qeyd edib. Onun sözlərinə görə, genişmiqyaslı hücum əməliyyatları üçün ehtiyat qüvvələr demək olar ki, qalmayıb. Digər istiqamətlərdən qoşunların köçürülməsi isə NATO ilə sərhədlərdə və Rusiyanın cənub bölgələrində müdafiə boşluqları yarada bilər.
Məlumatda bildirilir ki, Gerasimovun hesabatının məzmunu qısa müddətdə Belousova çatdırılıb. Müdafiə naziri bunu Baş Qərargahın uğursuzluqlarına görə məsuliyyəti Kremlə ötürmək və hərbi məğlubiyyət təhlükəsi ilə hakimiyyəti səfərbərliyə razı salmaq cəhdi kimi qiymətləndirib.
Bir neçə nazir müavini və hərbi komandirin iştirakı ilə keçirilən müzakirənin gərgin keçdiyi, tərəflər arasında səs tonunun yüksəldiyi iddia olunur. Belousov Gerasimovdan “sirk göstərməyi dayandırmağı”, rəhbərliyi fəlakət ssenariləri ilə qorxutmamağı və kütləvi səfərbərlik olmadan hərbi əməliyyatların məqsədlərinə çatmaq üçün konkret plan təqdim etməyi tələb edib.
Nazir, həmçinin ehtiyat qüvvələrə dair tələblərin şişirdildiyini, hərbi hissələrin rotasiyasında problemlər olduğunu və Baş Qərargahın cəbhədəki real vəziyyətlə bağlı hesabatları arasında uyğunsuzluqların mövcudluğunu vurğulayıb.
Qarşıdurmadan sonra Gerasimova qoşunların sayına dair təcili yeni hesablamalar hazırlamaq, əvvəlki hücum planlarının niyə gözlənilən nəticəni vermədiyini izah etmək tapşırılıb. Baş Qərargahın isə bu tələbin mövcud şəraitdə yerinə yetirilməsinin mümkünsüz olduğunu düşündüyü və məsələ ilə bağlı Siyasi Büro üçün ayrıca hesabat hazırladığı bildirilir.
Məlumata görə, Belousov Siyasi Büronun səfərbərliyin dayandırılması ilə bağlı qərarını həyata keçirməyə və mövcud qüvvələrlə hərbi əməliyyatları davam etdirməyə çalışır. Gerasimov isə əlavə səfərbərlik keçirilməyəcəyi təqdirdə Rusiya ordusunun irəliləyişinin faktiki olaraq dayanacağı barədə xəbərdarlıq edir.
Jalə Rövşən