Kazino, mərc, poker... Azərbaycanda qumar oynayanları hansı CƏZA gözləyir? - ARAŞDIRMA

Kazino, mərc, poker... Azərbaycanda qumar oynayanları hansı CƏZA gözləyir? - ARAŞDIRMA
07.09.2026 18:43 Araşdırma

Kartla oyunlar, ruletka, canlı kazino, internet üzərindən kazino, at yarışlarında mərc, idman mərc oyunları, lotereyalar, pul qoymaqla nərd, domino oyunları, onlayn və oflayn poker, ani lotereyalar, “Aviator” oyunları və s. azart oyunlar hesab olunur.

"Azad İstehlakçılar" İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov bu barədə TodayPress TV-yə açıqlamasında danışıb.

Onun sözlərinə görə, son illərdə onlayn azart oyunlarının populyarlığı artıb. Bu, texnologiya və internetin yayılmasının təsiri ilə bağlıdır. Bir çox oyunçu rahatlıq və geniş seçim imkanlarına görə onlayn oyunları üstünlük kimi göstərirlər. İstənilən vaxt, istənilən yerdə oyun oynamağa imkan verən bu platformalar oyunçulara yeni imkanlar və maraqlı təcrübələr təqdim etməklə bərabər, müxtəlif istehlakçı problemləri və qanun pozuntusu da yaradır. Xüsusən offşor oyun təşkilatçıları istehlakçı hüquqlarının pozulması, uduş məbləğinin “azart oyunçu”ya tam həcmdə çatdırılması baxımından problem yaradır.

“Çox yaxşı haldır ki, 2025-ci il 8 iyul tarixli Qanun Azərbaycanda azart oyunlarının virtual formada — internet, mobil şəbəkələr, sosial şəbəkələr və tətbiqlər daxil olmaqla təşkil edilməsini və keçirilməsini, habelə maliyyə institutları tərəfindən müvafiq ödəniş əməliyyatlarının aparılmasını birbaşa qadağan edir.

Eyni zamanda 2024-cü il may ayında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti internetdə və sosial şəbəkələrdə qadağan edilmiş və ya icazəsiz lotereyaların, idman mərclərinin və qumar oyunlarının reklamının aşkarlanması barədə məlumat verib. Xidmət belə reklamın qadağan olunduğunu qeyd edib və istehlakçılara şikayətlə müraciət etməyi tövsiyə edib. 2025-ci il oktyabr ayında, artıq Agentliyin yeni strukturu qanunsuz qumar və mərc oyunları səhifələrinin təbliğinə görə beş fiziki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 428.9-cu maddəsi ilə protokollar tərtib edilməsi barədə məlumat verib”.

AİİB sədri qeyd edib ki, Azərbaycanda qanunsuz onlayn qumar oyunlarının miqyasını Daxili İşlər Nazirliyinin (DİN) apardığı araşdırmalardan birinin nəticələri də göstərir

Qeyri-qanuni onlayn qumarın ödəniş infrastrukturuna dair DİN-in apardığı işlərin nəticəsindən görürük ki, 2024-cü il 20 sentyabr tarixində DİN vətəndaşları sosial şəbəkələr vasitəsilə xarici qeyri-qanuni saytlara cəlb edən şəbəkənin araşdırılması barədə məlumat verib. İstintaqın nəticəsinə görə, 1 157 bank kartı istifadə edilib, üçüncü şəxslərin hesablarına 20 milyon AZN-dən çox vəsait daxil olub, 3 milyon 375 min AZN kriptovalyutaya çevrilərək xaricə göndərilib, nağd şəkildə isə 2 milyon AZN götürülüb. İstintaq mərhələsində doqquz nəfər həbs edilib. Qeyd edilib ki, bu rəqəmlər bir işə aiddir və bütün bazarın qiymətləndirilməsi deyil.

Həmçinin qanunsuz oyunlara görə oyunçuların cəzalandırılması hallarına dair açıq mənbələrdə əksini tapmış digər məlumatlar da var.

Həmin dövrdə qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi qumar oyununda iştirak üçün 3 000 AZN cərimə və oyun vəsaitinin, qoyulmuş əmlakın, uduşun, mükafatın və ya digər gəlirin müsadirəsini nəzərdə tutur:

• Qəbələ, 2026-cı il 29 avqust. KİV-in Qəbələ Rayon Məhkəməsinin qərarına istinadən verdiyi məlumata görə, oyunçu offşor X və Y brendlərinə daxil olub və üç depozit qoyub — 11,49; 16,49 və 16 AZN. 525-ci maddə ilə 3 000 AZN cərimə təyin edilib.

• Bakı, 2025-ci il 20 noyabr. KİV-in Nərimanov Rayon Məhkəməsinə istinadən verdiyi məlumata görə, oyunçu offşor brend X və digər səhifələrdən istifadə edib, təxminən 1 000 AZN uduzduğunu və 40 AZN uduş qazandığını bildirib. 3 000 AZN cərimə təyin edilib, uduş müsadirə olunub.

• Astara, 2025-ci il 19 dekabr. KİV-in Astara Rayon Məhkəməsinə istinadən verdiyi məlumata görə, 25 yaşlı istifadəçi mobil telefondan oyun oynadığını etiraf edib və qadağadan xəbəri olmadığını bildirib. 3 000 AZN cərimə təyin edilib.

İctimai Birlikdən bildirilib ki, istehlakçılar kazino oyunlarından və ya onların analoqlarından istifadəyə nəzarət etməkdə çətinlik çəkirlərsə, bu cür oyunların təşkilatçılarının şirnikləndirici vədlərinə və reklamlarına aldanmamalıdırlar.

Həmçinin bu sahədə hər hansı istehlakçı hüququnun pozulması problemi ilə üzləşən istehlakçıların Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etmələri tövsiyə edilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər