Atasına verdiyi söz kimi: Yusif Avropa çempionu oldu
Azərbaycanın sərbəst güləşçisi Yusif Dursunov ağır çəkidə Avropa çempionu olaraq ölkə güləşinin tarixinə düşüb.
Qazax mahalının Soyuqbulaq qəsəbəsində 1 yanvar 2006-cı ildə anadan olan Yusif Dursunov güləşə ilk addımlarını atası Nurəddin Dursunovun rəhbərliyi ilə atıb. O, sərbəst güləşin sirlərini Ağstafa Rayon Uşaq-Gənclər İdman Məktəbində öyrənib.
Yusif Dursunov yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən müxtəlif yarışlarda dəfələrlə Azərbaycan çempionu olub. Beynəlxalq turnirlərdə də uğurlu çıxış edən güləşçi dünya və Avropa miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil edib.
Dursunov 15 yaşında Macarıstanda keçirilən dünya çempionatında bürünc medal qazanıb. Daha sonra 2022-ci ildə Rumıniyada, 2023-cü ildə isə Albaniyada təşkil olunan Avropa çempionatlarında yeniyetmələr arasında qızıl medal əldə edib. Elə 2023-cü ildə Türkiyədə keçirilən dünya çempionatında da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Gənc yaşına baxmayaraq, İspaniyada keçirilən gənclər arasında Avropa çempionatında da mübarizə aparan Yusif Dursunov həmin yarışda gümüş medal qazanıb.
Onun uğurları sonrakı illərdə də davam edib. Dursunov 2024-cü ildə Serbiyada keçirilən gənclər arasında Avropa birinciliyində bürünc medal əldə edib. 2025-ci ildə isə İtaliyada keçirilən gənclər arasında Avropa çempionatında gümüş, Bolqarıstanda təşkil olunan dünya çempionatında bürünc medal qazanıb. Həmin il Albaniyada keçirilən 23 yaşadək güləşçilərin yarışında da üçüncü olub.
Yusif Dursunov 2026-cı ilin iyulunda Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında növbəti böyük uğuruna imza atıb. 125 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz finalda rusiyalı Soslan Qabuyevi məğlub edərək qızıl medal qazanıb.
Bu nəticə ilə Yusif Dursunov Azərbaycan güləş tarixində ağır çəkidə yeniyetmələr arasında ilk Avropa çempionu kimi tarixə düşüb.
İdman karyerasını təhsillə paralel davam etdirən Yusif hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məşqçi-müəllimlik ixtisası üzrə 4-cü kursunda təhsil alır. O, sərbəst güləş üzrə milli komandanın heyətində Arif Abdullayev, Əşrəf Əliyev, Əsgərxan Novruzov, Cəbrayıl Həsənov, Rövşən Hacıyev və Nazim Alıcanov kimi tanınmış mütəxəssislərin rəhbərliyi altında məşqlərini davam etdirir.
Yusif Dursunov Avropa çempionatında qazandığı qızıl medalı onun idmanda ilk addımlarını atmasına şərait yaradan və ilk məşqçisi olan 55 yaşlı atası Nurəddin Dursunova hədiyyə edib. Oğlunun uğurundan sonra Nurəddin Dursunov "Əməkdar məşqçi" fəxri adına layiq görülüb.
"Qazax" Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov, birliyin üzvləri və Qazax mahalının ziyalıları Yusif Dursunovu Avropa çempionatında qazandığı qızıl medal münasibətilə təbrik ediblər və ona gələcək fəaliyyətində yeni uğurlar arzulayıblar.
Yusif Dursunov sərbəst güləşdə qazandığı yüksək nəticələrə görə "Qazax" Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin qərarı ilə "Fəxri Diplom"a layiq görülüb. Mükafatın idmançıya təhsil aldığı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təqdim olunacağı bildirilib.
Qazax mahalının yetirməsi Yusif Dursunovun uğurlarının ictimaiyyətə çatdırılmasında göstərdiyi diqqətə görə "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü, Əməkdar mühəndis, texnika elmləri doktoru, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin "Nəqliyyat və logistika" kafedrasının müdiri Qasım Abdullayevə təşəkkür edilib.