Türkiyə müdafiəyə trilyonlar ayırdı

Türkiyə müdafiəyə trilyonlar ayırdı
21.10.2026 18:35 Dünya

Türkiyə 2027-ci ildə milli müdafiə sahəsində silah və texnika alışı xərclərini 229% artırmağı planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə respublikanın vitse-prezidenti Cevdet Yılmaz gələn ilin büdcə layihəsini təqdim edərkən danışıb.

Sahə üzrə ixtisaslaşmış "SavunmaSanayiST" nəşrinin qeyd etdiyi kimi, 229%-lik artım, o cümlədən silah, sursat, silah sistemləri və digər hərbi texnikanın əldə edilməsinə ayrılan vəsaitlərə də şamil olunacaq. Yılmaz xərc maddələri üzrə təfərrüatlı bölgünü təqdim etməyib.

O bildirib ki, 2027-ci ildə müdafiə xərclərinə 2,2 trilyon türk lirəsi (təxminən 44,6 milyard dollar) nəzərdə tutulub. Daha 1,2 trilyon lirənin isə daxili təhlükəsizliyə yönəldilməsi planlaşdırılır.

"Biz qarşımıza müdafiə sənayesində öz texnologiyalarını işləyib hazırlayan, öz ehtiyaclarını müstəqil şəkildə təmin edə bilən və yüksək əlavə dəyərə malik məhsullar yaradan bir Türkiyə qurmaq məqsədini qoyuruq", - deyə Yılmaz vurğulayıb.

O, həmçinin Türkiyənin müdafiə ixracının əhəmiyyətli dərəcədə artması barədə məlumat verib:

"2002-ci ildə müdafiə və aviasiya sənayesi ixracının həcmi cəmi 248 milyon dollar təşkil edirdisə, 2025-ci ilin yekunlarına görə bu göstərici 40 dəfə artaraq 10,05 milyard dollara çatıb".

Aysel Mətləb

XƏBƏR LENTİ
21 OKTYABR 2026
Bütün Xəbərlər