“SİMA İmza” ilə daha 30-a yaxın vergi xidməti əlçatandır
Sosial
18.11.2025 11:27
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC və Dövlət Vergi Xidmətinin birgə əməkdaşlığı sayəsində SİMA yeni nəsil rəqəmsal imzanın İnternet Vergi İdarəsinə inteqrasiyası uğurla davam etdirilir.
TodayPress TV xəbər verir ki, inteqrasiya çərçivəsində daha 30-a yaxın elektron vergi xidmətinin “SİMA İmza” ilə əldə etməsi mümkün olub. Həmin xidmətlərə vahid bəyannamə göndərilməsi, hüquqi şəxsin uçot və qeydiyyat məlumatlarının dəyişdirilməsi, hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin dayandırılması, vergi ödəyicisinin debitor və kreditor borcları haqqında ərizə, şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi barədə ərizə, elektron alış aktı və digər bir çox xidmətlər daxildir.
Sonuncu inteqrasiya nəticəsində “SİMA İmza” ilə əldə edilə bilən vergi xidmətlərinin sayı 100-ü ötüb. Artıq vergi ödəyiciləri İnternet Vergi İdarəsinə “SİMA İmza” ilə daxil olaraq, müvafiq sənədləri “SİMA İmza”nın üztanıma texnologiyası ilə imzalayaraq əldə edə bilərlər.
Bunun üçün new.e-taxes.gov.az saytında giriş üsulu kimi “SİMA İmza”nı seçmək və mobil tətbiq vasitəsilə təqdim edilən QR kodu “SİMA İmza” tətbiqində skan etmək kifayətdir.
Qeyd edək ki, hazırda vergi ödəyiciləri SİMA rəqəmsal imzanı tam ödənişsiz əldə etmək imkanına malikdir. Belə ki, mobil tətbiqdə sahibkar və ya hüquqi şəxsin imza sertifikatını əldə edərkən 6AYPULSUZ promokodunu daxil edərək imzadan 6 ay müddətində abunə haqqı ödəmədən istifadə etməsi mümkündür.
tag: SİMA,İnteqrasiya,İmza,Vergi,Todaypress.tv,
