Ramazandan sonra 3 ƏSAS QAYDA - Mütəxəssis açıqladı
Sosial
17.03.2026 14:50
Ramazan ayından sonra qidalanmaya düzgün keçid etmək çox vacibdir. Bir ay boyunca orqanizm fərqli rejimə uyğunlaşdığı üçün birdən-birə əvvəlki qidalanma vərdişlərinə qayıtmaq həzm problemləri, çəki artımı və halsızlıq yarada bilər.
Qida eksperti Fərid Səfərov bu barədə TodayPress TV-yə danışıb.

Onun sözlərinə görə, Ramazandan sonra səhər, günorta və axşam yeməklərinə birdən-birə çox porsiyalarla başlamaq düzgün deyil:
“İlk günlərdə porsiyaları kiçik saxlayıb, yemək sayını yavaş-yavaş artırmaq daha faydalıdır. Səhər yeməyi yenidən gündəlik rejimə daxil edilməlidir. Yüngül və balanslı səhər yeməyi (yumurta, pendir, tam taxıl çörəyi, tərəvəzlər) maddələr mübadiləsini aktivləşdirir və gün ərzində enerji verir. Daha çox şorbalar, tərəvəz yeməkləri, qaynadılmış və ya sobada bişmiş qidalar üstünlük təşkil etməlidir. Yağlı, qızartma və çox ədviyyəli yeməklərdən uzaq durmaq məsləhətdir”.
Ekspert vurğulayıb ki, bayram günlərində şirniyyatların çoxluğu səbəbilə həddindən artıq şəkər qəbulu riski artır. Bu isə həm çəki artımına, həm də qan şəkərinin dalğalanmasına səbəb ola bilər.

“Ramazanda su qəbulu məhdud olduğu üçün bədən susuz qala bilər. Sonrakı günlərdə kifayət qədər su içmək vacibdir ki, maddələr mübadiləsi normallaşsın. Qidalanma ilə yanaşı yüngül gəzintilər və hərəkət də vacibdir. Bu, həm həzmi yaxşılaşdırır, həm də çəki artımının qarşısını alır. “Artıq oruc yoxdur” deyib normadan çox yemək ən çox edilən səhvlərdəndir. Bu, mədə-bağırsaq problemlərinə və sürətli çəki artımına səbəb ola bilər”.
Fərid Səfərov sonda əlavə edib ki, Ramazandan sonra qidalanmada əsas prinsip tədricilik, balans və nəzarətdir. Orqanizmə uyğunlaşmaq üçün vaxt vermək həm sağlamlığı qoruyur, həm də əldə edilən yaxşı vərdişləri davam etdirməyə kömək edir.
Qeyd edək ki, bu il Ramazan bayramı mart ayının 20-də qeyd olunacaq.
Türkan İsgəndərli
tag: Fərid Səfərov,Qida eksperti,Ramazan,Qayda,Todaypress.tv,
