İşsizlər üçün fürsət: İmkanlardan necə yararlanmaq olar?
Sosial
13.11.2025 16:20
"İşsizlərin məşğulluq sahəsində problemləri təkcə şəxsi səylərlə həll edilə bilməz. Uzun müddət Azərbaycanda müvafiq istiqamətdə dövlət siyasətini həyata keçirən qurumların fəaliyyətinin səmərəsizliyi insanların bu sahəyə etibarını itirməsinə səbəb olub".
İqtisadçı ekspert Rəşad Həsənov bunu TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bir çox insan hesab edir ki, Dövlət Məşğulluq Agentliyi onları birbaşa işlə təmin edən qurumdur:
"Lakin əslində Agentlik daha çox vasitəçi rolunu oynayır. Burada peşə bacarıqlarının artırılması, əmək bazarına inteqrasiya imkanlarının genişləndirilməsi, özünüməşğulluq proqramlarının icrası və vakansiyaların uyğun şəkildə yönləndirilməsi xidmətlərini göstərir. Birbaşa işlə təmin etməsi isə yalnız məhdud çərçivədə mümkündür".
Ekspert vurğulayıb ki, bəzi hallarda işəgötürənlər layiqli və keyfiyyətli iş yerlərini vakansiya kimi təqdim etmirlər və birbaşa işə cəlb etməyə üstünlük verirlər. Həmçinin, Dövlət Məşğulluq Agentliyinin təqdim etdiyi bəzi vakansiyalarda həm fəaliyyət istiqaməti, həm də əməkhaqqı səviyyəsi iş axtaranları qane etmir ki, bu da müraciətlərin azalmasına səbəb olur:
"Əvvəllər qurumun sələfinin qeyri-səmərəli fəaliyyəti, himayədarlıq və digər nöqsanlı davranışlar da uzun müddət ictimaiyyətin davranışlarını formalaşdırıb. Amma tövsiyə olunur ki, işsiz və iş axtaran şəxslər rəsmi şəkildə müraciət etsinlər, dövlət vəsaitləri ilə yaradılmış imkanlardan faydalansınlar. Xüsusilə özünüməşğulluq proqramları və peşə bacarıqlarının artırılması kursları buna daxildir. Peşə kurslarına cəlb olunanlar minimum əməkhaqqının 50%-i qədər yardım alırlar. Bu imkanlardan istifadə etməmək sadəcə fürsətləri əldən vermək deməkdir".
Rəşad Həsənov əlavə edib ki, əhalinin müvafiq istiqamətdə məlumatlılıq səviyyəsinin aşağı olması da əsas səbəblərdən biridir:
“Bəzi insanlar işsiz olduqda hara müraciət edəcəyini, dövlət proqramlarından necə faydalanacağını bilmir. Bu, mövcud şəraiti formalaşdıran başqa bir faktordur", - deyə o qeyd edib.
Türkan İsgəndərli
tag: İşsiz,Məşğulluq,Peşə,Proqram,Todaypress.tv,
