Elektroskuterlərin hərəkəti qadağan edilə bilər? - AÇIQLAMA

Elektroskuterlərin hərəkəti qadağan edilə bilər? - AÇIQLAMA
29.10.2026 10:45 Sosial

Son dövrlər küçə və prospektlərdə elektroskuterlərdən istifadə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının kütləvi şəkildə pozulması cəmiyyətdə kəskin narazılıq və ciddi narahatlıq doğurur. Əksər istifadəçilərin bu vasitələri yol hərəkətinin bərabərhüquqlu subyekti kimi deyil, sadəcə əyləncə vasitəsi kimi görməsi həm piyadalar, həm də avtomobil sürücüləri üçün hər an ölümcül təhlükə yaradır.

Bəs qanunsuzluqlar davam edərsə, elektroskuterlərə qarşı hansı məhdudiyyətlər tətbiq edilə bilər?

Mövzu ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev TodayPress TV-yə bildirib ki, elektroskuterlər şəhər nəqliyyatı üçün faydalı olsa da, təhlükəsizlik qaydalarının pozulması ağır fəsadlara yol açır:

"Son dövrlər elektroskuterlərdən istifadə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının artması ciddi narahatlıq doğuran məsələlərdən biridir. Elektroskuterlər müasir şəhər nəqliyyatının ayrılmaz hissəsinə çevrilməkdədir və onların istifadəsinin genişlənməsi müsbət hal kimi qiymətləndirilə bilər. Lakin istənilən nəqliyyat vasitəsinin istifadəsi ilk növbədə təhlükəsizlik prinsiplərinə əsaslanmalıdır. Təəssüf ki, bəzi elektroskuter istifadəçiləri bu nəqliyyat vasitələrini əyləncə vasitəsi kimi qəbul edir. Xüsusilə bir elektroskuterdə iki nəfərin hərəkət etməsi, svetoforun qadağanedici siqnalına məhəl qoyulmaması, avtomobillərin qarşısına qəfil çıxılması və piyadaların hərəkətinə maneə yaradılması ciddi təhlükələr yaradır.

Burada ən mühüm məqamlardan biri elektroskuter istifadəçilərinin fiziki baxımdan kifayət qədər müdafiəsiz olmasıdır. Avtomobillərdən fərqli olaraq, elektroskuterlərdə sürücünü qoruyan kuzov, təhlükəsizlik kəməri və digər passiv təhlükəsizlik sistemləri yoxdur. Bu səbəbdən hətta nisbətən aşağı sürətlə baş verən toqquşma və ya yıxılma ağır xəsarətlərlə nəticələnə bilər".

Məhdudiyyət ehtimallarını dəyərləndirən ekspert, beynəlxalq təcrübədə tətbiq edilən müasir texnologiyalara diqqət çəkib:

"Mövcud vəziyyət davam edərsə və qayda pozuntularının sayı artarsa, gələcəkdə elektroskuterlərin istifadəsi ilə bağlı əlavə məhdudiyyətlərin tətbiq edilməsi tamamilə mümkündür. Belə məhdudiyyətlər ilk növbədə elektroskuterlərin müəyyən küçələrdə və yüksək hərəkət intensivliyi olan ərazilərdə istifadəsinin məhdudlaşdırılması, insan sıxlığı olan yerlərdə sürət həddinin düşürülməsi formasında ola bilər.

Eyni zamanda, icarəyə verilən elektroskuterlərin texniki imkanlarından istifadə etməklə müəyyən ərazilərdə sürətin avtomatik məhdudlaşdırılması mümkündür. Bu, beynəlxalq təcrübədə istifadə olunan "geofensinq" texnologiyası vasitəsilə həyata keçirilə bilər. Məsələn, insanların sıx olduğu park və istirahət zonalarında elektroskuterin sürətinin avtomatik azaldılması, hərəkətin qadağan edildiyi ərazilərdə isə icarə xidmətinin elektron sistemlə dayandırılması təhlükəsizliyin artırılmasına xidmət edə bilər".

Mütəxəssis istifadəçilərin yaş həddi və fərdi identifikasiya məsələlərinə də toxunub:

"Digər mühüm məsələ elektroskuter istifadəçilərinin yaş həddi və yol hərəkəti qaydaları haqqında bilik səviyyəsidir. Xüsusilə azyaşlıların bu nəqliyyat vasitələrindən nəzarətsiz istifadə etməsi ciddi təhlükə mənbəyidir. Elektroskuteri idarə edən şəxs ən azı yol nişanlarının, svetoforların və piyadalara yol vermə tələblərinin əsaslarını bilməlidir. Bunun üçün icarə xidmətləri göstərən şirkətlərin üzərinə də əlavə məsuliyyət qoyulmalıdır. İstifadəçi icarədən əvvəl mobil tətbiq vasitəsilə qısa təhlükəsizlik təlimatı ilə tanış olmalı və yaşı təsdiqlənməlidir. Təkrar və kobud qayda pozuntularına yol verən şəxslərin icarə xidmətindən istifadəsi müəyyən müddətə məhdudlaşdırılmalıdır.

Məsuliyyət mexanizminin effektivliyi üçün gələcəkdə fərdi identifikasiya sistemlərinin təkmilləşdirilməsi və icarə operatorları ilə aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin təşkili istiqamətində addımlar atıla bilər".

Adil Nəbiyev əlavə edib ki, mövcud qanunvericilikdə kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslərin yol hərəkəti qaydalarını pozmasına görə İnzibati Xətalar Məcəlləsinin 338.4-1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə müəyyən edilib. Lakin təhlükəsizliyin təmin olunması yalnız cərimələrin artırılması ilə məhdudlaşmamalıdır.

"Digər tərəfdən, şəhər infrastrukturunun vəziyyəti də mühüm rol oynayır. Elektroskuter istifadəçilərindən qaydalara əməl etməyi tələb etdiyimiz kimi, Velosiped və mikromobillik zolaqlarının vahid şəbəkə şəklində inkişaf etdirilməsi, xüsusi parklanma məntəqələrinin yaradılması mühüm əhəmiyyət daşıyır. Əgər təhlükəsiz hərəkət infrastrukturu kifayət qədər inkişaf etməyibsə, yalnız qadağaların tətbiqi problemi tam həll etməyəcək".

Ekspert elektroskuterlərin tamamilə yığışdırılmasının əleyhinə olduğunu vurğulayaraq xəbərdarlıq edib ki, problem nəqliyyat vasitəsinin özündə deyil, ondan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsindədir.

"Biz müasir nəqliyyat vasitələrini şəhər həyatından çıxarmağa deyil, onların təhlükəsiz və nizamlı istifadəsini təmin etməyə çalışmalıyıq.

İstifadəçilərə edilən xəbərdarlıqlar ciddi qəbul olunmalıdır. Əgər bu xəbərdarlıqlardan nəticə çıxarılmasa, qayda pozuntuları sistemli xarakter alsa, daha sərt tənzimləmə mexanizmlərinin gündəmə gəlməsi təəccüblü olmayacaq. Unutmayaq ki, yol hərəkətində ən böyük dəyər nəqliyyat vasitəsi deyil, insan həyatıdır", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
29 OKTYABR 2026
Bütün Xəbərlər