Netanyahuya əfv təklifi: Siyasi mübarizədə yeni ssenari
İsraildə hakimiyyət uğrunda siyasi mübarizə fonunda Benyamin Netanyahunun gələcək taleyi ilə bağlı diqqətçəkən iddia gündəmə gəlib.
TodayPress TV İsrailin 14-cü telekanalına (C14) istinadən xəbər verir ki, prezident İsxak Hersoqun Baş nazir Benyamin Netanyahuya siyasətdən getməsi müqabilində tam əfv təklif etdiyi iddia olunur. İsrail prezidentinin ofisi isə məlumatı təkzib edərək xəbərin həqiqəti əks etdirmədiyini bildirib.
Telekanalın məlumatına görə, Hersoq təxminən iki ildir bu ssenaridə israr edir. Seçkilərdən sonra parlamentdəki mandat bölgüsü dəyişməz qalarsa, bu təşəbbüs yeni hökumətin formalaşdırılması variantlarından biri ola bilər.
Bununla belə, İsrail prezidentinin ofisi belə bir təklifin irəli sürüldüyü barədə məlumatı təkzib edib. Məlumatın saxta olduğu bildirilib və prezident administrasiyasının hökumətin formalaşdırılması proseduru ilə bağlı spekulyasiyalarla məşğul olmadığı vurğulanıb.
Məlumata görə, seçkilərin rəsmi nəticələri gələn həftə prezidentə təqdim olunacaq. Nəticələr əsasında o, parlament fraksiyaları ilə məsləhətləşmələr aparacaq və səlahiyyətləri çərçivəsində qərar verəcək.
Zəhra Məmmədova