Çin Tayvana qarşı 2027-ci il planına hazırlaşır? - İDDİA
Çinin Tayvan üzərində nəzarəti ələ keçirmək məqsədilə 2027-ci ilə qədər hərbi hazırlıqlarını gücləndirdiyi barədə müxtəlif iddialar yayılır. Bu iddialarda hava məkanından istifadənin məhdudlaşdırılması, hərbi gəmilərin hərəkəti, diplomatik təzyiqlər və mümkün dəniz blokadası kimi addımlar sadalanır.
TodayPress TV xəbər verir ki, 2027-ci il tarixinin tez-tez gündəmə gəlməsi Çin ordusunun həmin vaxta qədər Tayvana qarşı mümkün hərbi əməliyyat üçün lazımi imkanlara malik olması ilə bağlıdır.
Lakin hərbi hazırlıq hədəfi hücumun mütləq həmin il baş verəcəyi demək deyil. ABŞ kəşfiyyatının 2026-cı il hesabatında Çinin 2027-ci ildə Tayvana hücum etmək üçün hazırda müəyyən edilmiş planının olmadığı bildirilib.
İddialar arasında nələr var?
Pakistanın hava məkanı ilə bağlı qərarı: Pakistanın Tayvan aviaşirkətlərinə hava məkanından istifadə icazəsini məhdudlaşdırdığı barədə məlumat yayılsa da, oktyabrın 28-də aviaşirkətlərə 2027-ci il martın 27-dək uçuş icazəsi verildiyi bildirilib.
Çin gəmilərinin fəaliyyəti: Tayvan ətrafında Çin hərbi və digər dövlət gəmilərinin fəallığı artıb. Tayvan sahil mühafizəsi Pratas adaları yaxınlığında 16 Çin gəmisinin iştirak etdiyi əməliyyat barədə məlumat yayıb.
Diplomatik təzyiqlər: Pekin Tayvanla rəsmi əlaqələr saxlayan ölkələrin sayını azaltmağa çalışır. Lakin 12 ölkənin yaxın zamanda eyni vaxtda mövqeyini dəyişəcəyi barədə iddia təsdiqlənməyib.
Hərbi hazırlıqlar: Açıq mənbələrdə Çin ordusunun Tayvanın dövlət binalarına və küçə planlarına bənzər təlim obyektlərindən istifadə etdiyi, mümkün dəniz blokadası ssenarilərinin isə hərbi ekspertlər tərəfindən araşdırıldığı bildirilir.
Türkan İsgəndərli