Yaxın Şərqdə ilk dəfə! Basketbol mundialının siması bəlli oldu
Beynəlxalq Basketbol Federasiyası (FIBA) 2027-ci ildə Qətərin paytaxtı Dohada keçiriləcək kişi basketbolu üzrə dünya çempionatının rəsmi maskotunu təqdim edib.
TodayPress TV xəbər verir ki, turnirin maskotu Suheyl adlı personajdır. O, Kanopus adı ilə də tanınan eyniadlı ulduzun obrazı əsasında yaradılıb.
Əsrlər boyu Fars körfəzi regionunda yerləşən bu ulduz dənizçilər, köçərilər və mirvari ovçuları üçün istiqamət göstəricisi rolunu oynayıb. Onun səmada görünməsi ənənəvi olaraq güclü yay istisinin sona çatması ilə əlaqələndirilir.
Maskotun görünüşündə ulduzun və meteoritin fraqmentlərini simvolizə edən kristal üzlüklərdən və metal elementlərdən istifadə olunub.
Basketbol üzrə dünya çempionatı 2027-ci il avqustun 27-dən sentyabrın 12-dək keçiriləcək. Turnirdə 32 milli komanda iştirak edəcək.
Qeyd edək ki, dünya çempionatı tarixində ilk dəfə bu yarışa Yaxın Şərq ölkəsi ev sahibliyi edəcək. Bundan başqa, mundialın bütün oyunları ilk dəfə bir şəhərdə — Dohada təşkil olunacaq.
Namiq HUN