200 manatlıq birdəfəlik maddi yardımı kimlər alacaq? - AÇIQLANDI
Sosial
23.12.2025 10:40
"Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım göstərilməsi haqqında” imzaladığı sərəncam dövlətin sosial siyasətində vətəndaşların rifahının yüksəldilməsinin və sosial təminat mexanizmlərinin gücləndirilməsinin prioritet olduğunu bir daha təsdiq edir"
TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, sərəncama əsasən, birdəfəlik 200 manat məbləğində maddi yardım yalnız hazırda ünvanlı dövlət sosial yardımı alan ailələrə şamil olunur. Yardım ümumilikdə 76 min ailəni əhatə edəcək.
Onun sözlərinə görə, yardımların alınması üçün vətəndaşların hər hansı yeni karta ehtiyacı yoxdur. Ünvanlı sosial yardım alan ailələrin mövcud bank kartlarına vəsait avtomatik şəkildə köçürüləcək.
Parlamentari qeyd edib ki, yardımın təyin edilməsi və ödənişi proaktiv qaydada həyata keçirilir:
"Bu o deməkdir ki, mövcud elektron məlumat bazası əsasında vəsaitlər aidiyyəti ailələrin kartlarına köçürüləcək və əlavə müraciət tələb olunmur".
Vüqar Bayramov bildirib ki, yardım yalnız təsdiqlənmiş ünvanlı sosial yardım alanlar üçündür:
"Digər sosial proqramlarda iştirak edən şəxslər üçün bu yardım nəzərdə tutulmayıb. 200 manatlıq birdəfəlik maddi yardım yalnız ünvanlı dövlət sosial yardımı artıq təyin edilmiş ailələrə aiddir.
Hazırda ünvanlı sosial yardıma müraciət etmiş, lakin yardım hələ təyin olunmamış ailələr bu birdəfəlik 200 manatlıq dəstəkdən yararlana bilməyəcək".
Jalə Rövşən
tag: Vüqar Bayramov,Deputat,Aztəminatlı,Dəstək,Todaypress.tv,
