Zahid Oruc: "Qələbəni həm də intellektual müstəvidə qazandıq"
Siyasət
03.12.2025 10:38
“Ulu Öndərin siyasi kursunun və dövlətçilik fəlsəfəsinin varisi kimi prezident İlham Əliyevin rəhbərliyi dövründə elmə verilən konseptual baxış təkcə bilik qazanmaq məqsədi daşımırdı; bu siyasət xalqın müharibəyə intellektual və ideya-siyasi hazırlığını təmin edir, gənclərin xaricdə nüfuzlu ali məktəblərdə təhsil almasında 1970–80-ci illərdə qoyulmuş xəttin davamı kimi çıxış edirdi”.
TodayPress TV xəbər verir ki, bunu millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc “Sosial-siyasi elmlər müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm və universitetlər” mövzusunda keçirilən dəyirmi masada bildirib.
O vurğulayıb ki, Prezidentin AMEA-nın 80 illik yubileyindəki çıxışı Qələbənin yalnız hərbi əməliyyat meydanlarında deyil, həm də elmi-intellektual müstəvidə qazanıldığının bariz nümayişi idi. İlham Əliyev Zəfərin, həndəsi dillə desək, “üçölçülü fəzada” əldə olunduğunu göstərdi. Bu üç ölçü – yeraltı sərvətlərin elmi idarəçiliyi, neft-qaz texnologiyaları, geologiya və geofizika elmi, beynəlxalq enerji diplomatiyası – ölkənin hərbi-siyasi gücünün formalaşmasına xidmət edən strateji dayaqlardır.
“Zəfərin yerüstü ölçüsü insan kapitalı, mühəndislik və tətbiqi elmlər, yüksək hazırlıqlı zabit korpusu, coğrafi və relyef modelləşməsi, kəşfiyyat sistemləri və ağıllı döyüş taktikalarının elmi şəkildə orduya inteqrasiyası ilə təmin olundu. Bu, müasir müharibənin yalnız fərdi qəhrəmanlıqla deyil, kompleks bilik sistemləri ilə qazanıldığını bir daha sübut etdi”,- deyə deputat bildirib.
Zahid Orucun sözlərinə görə, Azərbaycanın göylərdəki gücü – pilotsuz uçuş aparatları, raket sistemləri, radioelektron mübarizə vasitələri, hədəf seçmə alqoritmləri və koordinasiya texnologiyaları milli mühəndislərin, analitiklərin və hərbi texnoloqların uzun illərə söykənən elmi hazırlığının nəticəsidir. Prezidentin “müharibəni yalnız texnika deyil, Azərbaycan oğullarının zəkası qazandı” fikri də məhz bu reallığın elmi-siyasi ifadəsidir.
Parlamentari əlavə edib ki, Heydər Əliyevin elm siyasətinə dönüş bu gün süni intellekt, rəqəmsallaşma, kibertəhlükəsizlik, tarixşünaslığın dərinləşdirilməsi, həmçinin dilimizin coğrafiyasının və beynəlxalq statusunun genişləndirilməsi kimi yeni strateji vəzifələr yaradır.
Prezidentin alimlər qarşısında qoyduğu bu missiya elmin dövlət təhlükəsizliyinin ayrılmaz elementi olduğunu bir daha təsdiqləyir.
Qiymət Mahir
tag: Zahid Oruc,Siyasət,Müharibə,STM,Todaypress.tv,
