Zahid Oruc: “Prezidentin çağırışı bunun bir parçasıdır”
Siyasət
03.12.2025 10:34
“Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı Vətən müharibəsində qazanılmış Zəfərin mənəvi gücünü elmi ictimaiyyətlə bölüşmək və bu qələbənin enerjisini ölkənin gələcək elmi hədəflərinə yönəltmək məqsədi daşıyırdı”.
TodayPress TV xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc “Sosial-siyasi elmlər müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm və universitetlər” mövzusunda keçirilən dəyirmi masada deyib.
Deputat bildirib ki, dövlət başçısının çıxışı bir daha sübut etdi ki, müharibədə qələbə təkcə cəbhədə deyil, həm də elm və strateji düşüncə sahəsində əldə olunub.
Onun sözlərinə görə, 1990-cı illərin əvvəllərində məğlubiyyətin səbəblərindən biri məhz elmi institutların zəifliyi və alimlərin müharibəyə hazırlıqsız yaxalanması olub. Elmi səfərbərlik yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə mümkün olub:
“Heydər Əliyevin sovet dövründə Azərbaycan elminin formalaşmasında oynadığı misilsiz rol sonrakı dövlətçilik mərhələsinin uğurlarına təminat yaratdı. 1993-cü ilin sentyabrında Akademiyaya gəlişi isə ölkənin xaosdan çıxarılması prosesində elmi potensiala güvəndiyini göstərirdi. Ulu Öndər üçün elm milli kimliyin dayağı, dövlət təhlükəsizliyinin strateji elementi və düşmənə qarşı üstünlük yaradan mühüm güc idi”.
Millət vəkili vurğulayıb ki, sovetlərin süqutundan sonra Azərbaycan elmi ciddi sınaqlar qarşısında qalıb:
“İnstitutların zəifləməsi, elmin müdafiə strategiyasına inteqrasiya olunmaması, alimlərin dövlət siyasətindən uzaqlaşması məğlubiyyətin səbəblərindən biri oldu. Bu fondda erməni tərəfi sovet dövründən qalan intellektual şəbəkədən daha çevik istifadə edir, kadr hazırlığını hərbi-strateji məqsədlərlə uzlaşdırırdı. Marşal Baqramyanın yüzlərlə gənci hərbi məktəblərə yönləndirməsi bunun simvolik nümunəsidir”.
Zahid Oruc xatırladıb ki, Vətən müharibəsindən sonra Ermənistanın o zamankı prezidenti, alim Armen Sarkisyan belə etiraf etmişdi: “Biz elmi üstünlüklərimizi itirdik və Azərbaycana məğlub olduq”. Son 30 ildə isə Azərbaycan elmi dövlət quruculuğunun ayrılmaz hissəsinə çevrilib, xüsusilə tarix, hüquq və informasiya elmlərində əldə olunan güclənmə düşmənə qarşı mübarizədə mühüm üstünlük yaradıb.
Qiymət Mahir
tag: Zahid Oruc,AMEA,Zəfər,Müharibə,Todaypress.tv,
