Ümummilli Liderin icra başçısı təyin etdiyi deputat : "Onların deyil, məhz mənim sözümə inandı..."
Siyasət
12.12.2025 10:42
"Xoşbəxtəm ki, dövlət qulluğunda fəaliyyətimin müəyyən bir dövrü Ulu Öndər Heydər Əliyev kimi dünya miqyaslı, fenomenal bir şəxsiyyətin rəhbərliyi altında keçib".
Bunu TodayPress TV-yə açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəmməliyev deyib.
Ümummilli Lider Heydər Əliyevin dövründə ən gənc icra başçısı kimi fəaliyyət göstərən hazırkı deputat Heydər Əliyevlə bağlı maraqlı xatirələrindən söz açıb:
"Bu, mənim üçün unudulmaz və şərəfli bir mərhələ idi. Həmin illərdə dövlət quruculuğu, iqtisadi, sosial, aqrar, hüquqi və ümumilikdə cəmiyyətin bütün sahələrində köklü islahatlar aparılırdı. Bazar günləri istisna olmaqla, həftəsonları istirahətdən və məzuniyyətdən söhbət belə gedə bilməzdi. Ulu Öndər sutkanın demək olar ki, 18–20 saatını işdə olurdu. Təbii ki, bütün mərkəzi və yerli icra strukturları da eyni rejimlə çalışırdı.
Nəzərinizə çatdırım ki, keçmiş SSRİ məkanında aqrar islahatlar ilk dəfə məhz Heydər Əliyev tərəfindən başlanmışdı. Kolxoz və sovxozlara məxsus torpaqlar və əmlak həmin təsərrüfatlarda çalışan insanlar arasında proporsional şəkildə və tamamilə təmənnasız bölünmüşdü. O dövrdə bu, asan addım deyildi, əksinə, olduqca riskli qərar idi. Ərzaq çatışmazlığı, aqrar sektorun çökmə təhlükəsi göz önündə idi. Lakin bütün çətinliklərə baxmayaraq, Ulu Öndərin ölçülü-biçili və dəqiq şəkildə apardığı islahatlar qısa müddətdə öz müsbət nəticəsini verdi.
Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan bir çox beynəlxalq təşkilatlara üzv oldu. Qarabağ probleminin həlli üçün beynəlxalq hüquq normalarına uyğun möhkəm əsas yaradıldı. Gələcəkdə torpaqlarımızın işğaldan azad edilməsində mühüm rol oynamış güclü Silahlı Qüvvələrin təməli məhz həmin dövrdə qoyuldu. Ümumilikdə, bu günkü güclü Azərbaycan dövlətinin bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırıldı və xalqımız bununla fəxr edir.
Xatirələrə gəlincə, təbii ki, çoxdur. Həmin illərdə Heydər Əliyevin keçirdiyi çoxsaylı müşavirə və iclaslarda iştirak edirdik, bəzən fərdi görüşlər də olurdu. Ulu Öndərlə hər bir görüş, hər bir ünsiyyət bir məktəb, əsl həyat dərsi idi. Elə xatirələr var ki, mətbuat üçün deyil və yaxud təvazökarlıq naminə açıqlamaq istəmirəm.
Ancaq bir məqamı xüsusi vurğulamağı özümə borc bilirəm. Həyatımın ən çətin dövründə Ulu Öndər mənə dəstək oldu, ciddi təxribatlardan qorudu. Məni şəxsən dinlədi, bəzi yüksək vəzifəli şəxslərin deyil, məhz mənim sözümə inandı. Heydər Əliyevdə bir baxışla insanı tanımaq, onun daxili dünyasını duymaq kimi qeyri-adi qabiliyyət vardı. Kiminsə səmimi, kiminsə qeyri-səmimi olduğunu bir an içində anlayırdı. Bunları heç vaxt unuda bilmərəm və ömrüm boyu özümü ona borclu hesab edirəm.
Bir xatirəni də bölüşüm. 2001-ci il idi. Dövlətin iqtisadi imkanları məhdud, bir milyon qaçqın və məcburi köçkün, ciddi maliyyə problemləri mövcud idi. Eyni zamanda, ölkənin demək olar ki, bütün bölgələrində xarici dini təriqətlərə məxsus missionerlər yardım adı altında təbliğat aparır, bəzi insanlar onların təsiri altına düşürdü. Ulu Öndər həmin dövrdə hüquq-mühafizə orqanlarının və yerli icra strukturlarının məlumatlarını dinlədi və qəti qərar verdi: “Bundan sonra yardım adı altında missionerlik fəaliyyəti qadağan olunur və bu qurumlar ölkədən çıxarılır. Bu gündən etibarən qaçqın və məcburi köçkünlərin bütün sosial təminatını Azərbaycan dövləti öz üzərinə götürür”. Təkrar edirəm, hadisə 2001-ci ildə baş verirdi.
Ulu Öndərin uzaqgörənliklə qəbul etdiyi bu qərar bu gün də xalqımıza xidmət edir və cəmiyyəti birləşdirir.
Heydər Əliyev müasir dünyada Ümummilli Lider statusunu qazanmış azsaylı, nadir şəxsiyyətlərdən biridir. Onun ideyaları bu gün də yaşayır və Azərbaycana xidmət edir, gələcək nəsillər üçün də yol göstərəcək. Allah rəhmət eləsin".
Jalə Rövşən
tag: Nəsib Məhəmməliyev,Deputat,Ulu öndər,Heydər Əliyev,Todaypress.tv,
