Ukrayna Putinin gələcəyi məkanı bombalayır - Rusiya prezidenti böyük təhlükədə
Rusiyada SPIEF-2026-nın (Beynəlxalq İqtisadi Forum) açılış günü Sankt-Peterburqdakı "Petersburg Oil" Terminalında güclü yanğın baş verdi. İlkin məlumatlara görə, hadisə Ukrayna dronlarının hücumu nəticəsində baş verib. Baltik regionunun ən mühüm neft terminallarından biri hesab olunan obyektin belə bir gündə hədəfə alınması mühüm strateji mesajdır.
Dronlar şəhərin bir neçə rayonunu və Kronştadtdakı hərbi obyektləri hədəf alıb. Yanğın nəticəsində şəhər üzərini qara tüstü alıb. Rusiya rəsmiləri itkilərin məhdud olduğunu bildirsələr də, hadisənin əhəmiyyəti böyükdür.
Ukrayna rəhbərliyi hücumu Rusiyanın müharibə potensialına qarşı zərbə kimi qiymətləndirir. Son aylarda Ust-Luqa, Primorsk və digər Baltik limanlarına edilən hücumlar da eyni strategiyanın tərkib hissəsi sayılır. Məqsəd Rusiyanın enerji ixracını və müharibəni maliyyələşdirmə imkanlarını zəiflətməkdir.
Maraqlısı odur ki, belə bir qaynar zonada iyunun 4-də Rusiya Prezidenti Vladimir Putin həmin forumda iştirak edəcək və iştirakçıların suallarını cavablandıracaq. Bundan əlavə, o, dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüş keçirəcək. Yuri Uşakovun açıqlamasına görə, bu görüş Rusiyanın daxili və xarici siyasət gündəmi, eləcə də beynəlxalq proseslərə həsr olunacaq.
Forumda 100-dən çox ölkədən təxminən 20 min nümayəndənin iştirakı gözlənilir. Özbəkistan və Tanzaniya prezidentləri, Çin rəsmisi Han Çjen, eləcə də ABŞ nümayəndə heyətinin iştirakı diqqət çəkir. Eyni zamanda, Putin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev videokonfrans formatında Özbəkistanda yeni atom elektrik stansiyası layihəsinin birinci enerji blokunun tikintisinə start verəcəklər. “Rusiya Davosu” kimi tanınan SPIEF Moskva üçün mühüm iqtisadi və siyasi platformadır.
Dronların Sankt-Peterburq kimi strateji şəhərə çatması isə təhlükəsizlik sistemlərinin effektivliyi ilə bağlı sualları yenidən gündəmə gətirib. Hücum forum iştirakçılarına Rusiyanın “heç bir yeri təhlükəsiz deyil” mesajı verir.
İnternetə məhdudiyyətlər tətbiq olunub. Lakin Putinin təhlükəsizliyi hələ də sual altında qalır. Ekspertlər hesab edirlər ki, Putin məhz bu səbəbdən forumda iştirakını təxirə sala bilər.
Gedişat müharibənin xarakterindəki dəyişiklikləri bir daha göstərir. Ukrayna cəbhədən uzaqda yerləşən strateji obyektləri hədəfə almaq imkanlarını genişləndirir, Sankt-Peterburqdakı son hadisə göstərir ki, müharibənin təsirləri artıq cəbhə xəttindən çox uzaqlara yayılıb və Rusiyanın əsas mərkəzlərinə qədər çatıb.
Jalə Rövşən