“Formula-1” qayıdır: Afrika Qran-prisi təsdiqləndi!
“Formula-1” rəsmi olaraq Ruandada, Buqesera rayonunda Afrika Qran-prisinin keçirilməsi ilə bağlı 10 illik müqavilə imzalandığını elan edib.
TodayPress TV xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) ən yüksək kateqoriyasına malik olacaq yeni trasın tikintisi başa çatdıqdan sonra ilk yarışın 2030-cu ildən sonra baş tutacağı gözlənilir.
Bu layihə həm də genişmiqyaslı turizmin inkişafı proqramının bir hissəsidir.
“Formula-1”in rəhbəri Stefano Domenikali qərarı belə şərh edib:
“Azarkeşlərimiz üçün bu, çox həyəcanverici andır. Afrikada 100 milyondan çox “Formula-1” fanatı var və bu rəqəm sürətlə artmağa davam edir. İdmanımızın bu qitəyə qayıtmasını uzun müddət gözləyən insanlara həyəcan, enerji və dram gətiririk. Yeni ortaq səhifəyə başlamağı səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, “Formula-1” üzrə yarışlar Afrika qitəsində sonuncu dəfə 1993-cü ildə keçirilib.
Namiq HUN