Süni intellekt həkimləri əvəz edə bilər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
Müasir dövrdə texnologiyanın sürətli inkişafı səhiyyə sahəsindən də yan keçmir. Son zamanlar bir çox insanlar hər hansı səhhət narahatlığı ilə qarşılaşdıqda dərhal həkimə müraciət etmək əvəzinə, simptomlarını süni intellektə bildirir və onun tövsiyələrinə əsasən müalicə yolları axtarırlar.
Bəs insanların həkimləri süni intellektlə əvəzləməsi hansı nə qədər faydalıdır?
Mövzu ilə bağlı Respublika Narkoloji Mərkəzinin direktoru Fəzail Sadıqov TodayPress TV-yə özəl açıqlama verib.
Mərkəzin direktoru bildirib ki, süni intellektdən istifadə olunsa da, onun təqdim etdiyi məlumatları mütləq doğru kimi qəbul etmək olmaz:
"Süni intellektlə məşğul olmaq olar və olunur da. Lakin süni intellektin dedikləri mütləq həqiqət deyil. Əvvəla, ona verilən tapşırıqların qoyuluşu düzgün olmalıdır ki, alının cavab və məsləhətlər də düzgün olsun".
Fəzail Sadıqov vurğulayıb ki, tibbi müayinə və müalicə prosesində canlı ünsiyyəti və insan faktorunu heç bir texnologiya əvəz edə bilməz:
"Mənim fikrimcə, bir sıra hallarda həkim həmişə lazım olacaq. Xəstə ilə emosional bağlılıq, psixoterapiya, canlı ünsiyyəti süni intellekt əvəz edə bilməyəcək. Çünki süni intellekt cansız, insan isə canlıdır", deyə o, fikrini tamamlayıb.
Mövzu ilə bağlı informasiya texnologiyaları (İT) üzrə ekspert Əmrah Mövsümzadə də TodayPress TV-yə süni intellektdən sağlamlıqla bağlı məsələlərdə istifadə zamanı həm tibbi, həm də kibertəhlükəsizlik baxımından diqqətli olmağın vacibliyini vurğulayıb.
Ekspert bildirib ki, süni intellekt insanlara simptomları barədə ümumi məlumat əldə etməkdə və hansı hallarda həkimə müraciət etməyin zəruri olduğunu anlamaqda kömək edə bilər. Lakin bu texnologiyaya həkimi əvəz edən vasitə kimi yanaşmaq düzgün deyil.
Əmrah Mövsümzadənin sözlərinə görə, süni intellekt hər zaman düzgün nəticələr verməyə bilər və bəzi hallarda simptomları yanlış qiymətləndirərək ciddi sağlamlıq problemlərinin əlamətlərini nəzərdən qaçıra bilər:
“Süni intellekt həkimi əvəz etməməlidir. O, insanlara ümumi məlumat vermək, müəyyən simptomlar barədə məlumatlandırmaq və hansı hallarda həkimə müraciət etməyin vacib olduğunu anlamağa kömək edə bilər. Lakin süni intellekt hər zaman düzgün nəticələr vermir. O, simptomları yanlış qiymətləndirə və ya ciddi sağlamlıq probleminin əlamətlərini nəzərdən qaçıra bilər. İnsanlar yalnız süni intellektin verdiyi məsləhətlərə əsaslanaraq dərman qəbul etməməli, müalicəyə başlamamalı və ya həkimə müraciəti gecikdirməməlidirlər”.
İT eksperti sağlamlıqla bağlı məlumatların süni intellekt platformaları ilə paylaşılmasının şəxsi məlumatların məxfiliyi baxımından da müəyyən risklər yaratdığını diqqətə çatdırıb. Onun fikrincə, istifadəçilər bəzən analiz nəticələrini, tibbi sənədlərini, şəxsiyyət məlumatlarını və digər həssas informasiyaları paylaşarkən bu məlumatların sonradan necə istifadə oluna biləcəyini nəzərə almırlar.
“İnsanlar süni intellektlə söhbət zamanı bəzən analiz nəticələrini, tibbi sənədlərini, şəxsiyyət məlumatlarını, telefon nömrələrini və digər həssas məlumatlarını paylaşırlar. İstifadə etdikləri platformanın məxfilik qaydaları ilə tanış olmadan bu məlumatları paylaşmaq müəyyən risklər yarada bilər. Məlumatların necə saxlanılması, kimlərin onlara çıxış əldə edə bilməsi və gələcəkdə hansı məqsədlərlə istifadə olunması hər platformada fərqlidir”.
O, saxta süni intellekt tətbiqləri və veb-saytlarının da istifadəçilər üçün təhlükə yarada biləcəyini bildirib. Onun sözlərinə görə, bəzi fırıldaqçılar sağlamlıqla bağlı yardım göstərmək adı altında insanları aldadaraq onların şəxsi məlumatlarını, hesab məlumatlarını və digər həssas informasiyalarını ələ keçirməyə çalışırlar.
Mütəxəssis istifadəçilərə süni intellekt platformalarını seçərkən diqqətli olmağı, zərurət olmadıqda şəxsi tibbi sənədləri və şəxsiyyəti müəyyənləşdirməyə imkan verən məlumatları paylaşmamağı tövsiyə edib:
“Mənim tövsiyəm budur ki, süni intellektdən istifadə edərkən paylaşdığımız məlumatlara xüsusi diqqət yetirək. Zərurət olmadıqda şəxsi tibbi sənədlərimizi və bizi birbaşa müəyyənləşdirməyə imkan verən məlumatları paylaşmayaq. İstifadə etdiyimiz platformanın məxfilik siyasəti ilə tanış olaq və etibarsız tətbiqlərdən uzaq duraq”.
Türkan İsgəndərli