Ramiz Yunus: “Mənim uğurum, vətənimin uğurudur!”

Siyasət

22.01.2026 16:35

“Ukraynanın Siyasi-Hüquqi Elmlər Akademiyasının həqiqi üzvü seçilmək mənim üçün tam gözlənilməz oldu. Bu, böyük bir şərəf və əlavə məsuliyyətdir”.

TodayPress TV xəbər verir ki, Xəzər Universitetinin siyasi elmlər üzrə professoru, politoloq Ramiz Yunus bunu ukraynalı jurnalist Olena Kurbanova ilə efir zamanı deyib.

O vurğulayıb ki, bu, ilk növbədə dünyanın müxtəlif platformalarında Ukraynanın maraqlarını müdafiə etdiyi çıxışları ilə bağlıdır:

“Bu, mənim mühazirələrim, mütəmadi dərc olunan analitik məqalələrimin nəticəsidir. Görünür, bunlar Akademiyanın Elmi Şurasının diqqətini çəkib. Professor Petro Mironenkonun sözlərinə görə, bu qərar Elmi Şurada yekdilliklə qəbul edilib və mənə rəsmi şəkildə diplom da göndəriblər. Mironenko başda olmaqla, namizədliyimə səs verən bütün Elmi Şura üzvlərinə təşəkkür edirəm və bu yüksək etimadı Ukrayna xalqı qarşısında doğrultmağa çalışacam”.

Ramiz Yunus efirdə, həmçinin Ukrayna-Azərbaycan münasibətlərindən də bəhs edib: 

“Azərbaycanla Ukrayna arasındakı yaxınlığa bir çox istiqamətdən baxmaq olar. Əgər siyasi müstəvidən baxsaq, deyə biləri ki, bu, Prezident Volodimir Zelenski ilə Prezident İlham Əliyev arasında şəxsi münasibətlərdir ki, Ukraynaya qarşı son dörd ildə davam edən genişmiqyaslı təcavüz dövründə xüsusilə özünü göstərib. 

Azərbaycan Prezidenti postsovet məkanında Ukraynaya göstərilən humanitar yardımın həcminə görə xüsusi mövqe tutur — bu məkan üzrə ən böyük humanitar yardımı məhz Azərbaycan edib. Üstəlik, Azərbaycan bunu Rusiya ilə münasibətlər gərginləşəndən əvvəl də edirdi (Burada mülki Azərbaycan təyyarəsi ilə bağlı baş verən hadisəni nəzərdə tuturam). Yəni bu, müharibənin bütün dövrü ərzində Azərbaycanın prinsipial mövqeyi olub”.

Analitik ilk vaxtlar Ukraynanın informasiya məkanında demək olar ki, tək — bir növ Don Kixot kimi mübarizə apardığını bildirib: 

“Bir neçə ildən sonra dostlarım da qoşuldular: Aqil Rüstəmzadə, Eldar Namazov, Fərhad Məmmədov, Cavanşir Axundov, Tofiq Zülfüqarov və digərləri. Ola bilsin ki, onlar mənim qədər tez-tez çıxış etmirdilər, amma artıq Ukrayna informasiya məkanında Kremlin illərlə formalaşdırdığı, Azərbaycan düşmənləri tərəfindən dəstəklənən narrativlər dəyişməyə başladı.

Əvvəllər azərbaycanlılar Ukrayna mediasında “bazarda pomidor-xiyar satanlar” kimi təqdim olunurdu. Bu gün isə Ukrayna informasiya məkanı təkcə Ramiz Yunusu deyil, güclü keçmişə və ciddi intellektual bazaya malik başqa azərbaycanlı ekspertləri də görür. Bu onu göstərir ki, tək Ramiz Yunus yoxdur — belə insanların sayı milyonlarla ola bilər və hamısı postsovet məkanında baş verənlər barədə danışa bilər. Mən siyasi, humanitar, informasiya və ictimai aspektləri sadalayıram. Belə bir qərar qəbul edən Akademiyanın alimləri də yəqin ki, bu çıxışları izləyiblər və anlayıblar ki, burada əsas məsələ vətəndaş mövqeyidir — həm mənim şəxsi mövqeyim, həm də ölkəmin Ukraynaya münasibəti”.

Siyasətçi Azərbaycan kanallarında çıxış etdiyini və həmin vaxt bu mükafatdan xəbərinin olmadığını deyib:

“Amma yenə də son hadisələr fonunda danışırdım və həmişə demişəm: mənim uğurum, Vətənimin uğurudur. Döyüş meydanında Azərbaycan əsgərinin qələbəsi, informasiya məkanında ölkəmin uğuru və mənim şəxsi uğurum — bunların hamısı bir ölkənin ümumi uğurudur. Harada oluramsa olum, rəsmi vəzifə tutmasam belə, mən Azərbaycanı təmsil edirəm. Mən Xəzər Universitetinin siyasi elmlər üzrə professoruyam, amma eyni zamanda Azərbaycan vətəndaşıyam və bununla fəxr edirəm”.

Qiymət Mahir

TodayPress TV

tag: Ramiz Yunus,Politoloq,Ukrayna,Olena Kurbanova,Todaypress.tv,