Ramiz Mehdiyev işində Əli Kərimli tək deyil: “Elə adlar sayaram ki…” - Ağ Partiya sədrindən SENSASİON DETALLAR
Siyasət
04.12.2025 13:56
TodayPress TV Ağ Partiyanın sədri Tural Abbaslı ilə müsahibəni təqdim edir.
- Ölkənin siyasi arenasında baş verən son hadisələrdən danışaq. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli həbs olundu(2 ay 15 gün). O, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdə ittiham olunur. Bu həbsi Ramiz Mehdiyev işi ilə də əlaqəndirirlər. Siz baş verən bu son hadisələr barədə nə düşünürsünüz?
- Bu məsələlərdə əsas işi istintaq orqanları müəyyən edir. Əgər ortada cinayət əməli, cinayətə təşəbbüs varsa, təbii ki, bununla bağlı sübutların ictimailəşdirilməsi istintaq orqanlarının işidir. Biz istintaqın ortaya çıxardığı faktlara istinad edib nələrsə deyə bilərik. Hakimiyyəti zorla ələ keçirməyə cəhd etmə maddəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsində ən ağır maddələrindən biridir. Kimsə bu maddə ilə ittiham olursa, tutarlı faktlar ortaya qoyulmalıdır. Çünki burda müxtəlif suallar ortaya çıxacaq. Həm daxilidə, həm də beynəlxalq arenada. Bizim faktlardan məlumatımız yoxdur. Ona görə də müdafiə etmək, yaxud ittiham etmək kimi bir mövqedə dura bilmərik. Hakimiyyəti zorla ələ almaq bir-iki adamın işi deyil. İndi burda kimlərin adı olacaq görəcəyik. Əli Kərimli, yaxud Gültəkin Hacıbəyli bununla bağlı istintaqa cəlb olunublar. Əli Kərimli barədə həbs qətimkan tədbiri seçilib, Gültəkin Hacıbəyli dindirilir. Amma burda başqa açıq suallar qalır. 50 nəfərlik siyahı dedilər. Bəs onların 48-i hanı? Onlar niyə həbs olunmur? Onlar kimlərdir? Kimliyindən asılı olmayaraq, əgər kiminsə əməlində cinayət tərkibi varsa, qanun qarşısında cavab verməlidir. Amma bu daha inandırıcı faktlarla ortaya qoyulmalıdır.

- AXCP-nin bağlanacağı ilə bağlı fikirlər səsləndirilir. Siz bu barədə nə düşünürsünüz?
- Partiyaların qeydiyyata alınması və qeydiyyatının ləğv edilməsi Ədliyyə Nazirliyi və məhkəmələrin işidir. Bunu biz deyə bilmərik. Əgər siyasi partiyalar haqqında qanunvericilik fəaliyyətinə uyğun olmayan fəaliyyət tapılsa, Ədliyyə Nazirliyi buna qərar verə bilər. Yenə deyirəm, məsələ orasındadır ki, bir çox məsələlər, hətta Ramiz Mehdiyev işi, bunlar sadəcə mediadadır. Düzdür, Əli Kərimlinin həbsi, onun evində axtarışlar bunlar rəsmidir. Amma Mehdiyev işi, hansı ki, Əli Kərimli bu iş üzrə istintaqa cəlb olunub. Amma Mehdiyev haqqında ortalıqda rəsmi bir mövqe yoxdur. O ki qaldı, partiyaların bağlanması və ya fəaliyyətinin dayandırılmasına, bu, qanunla təsbit olunur. Əgər partiya üzvlərinin sayı 4500-dən az olarsa, qanunvericiliyə uyğun fəaliyyət göstərməzsə, Konstitusiyaya zidd fəaliyyət göstərərsə, onun bağlanması mümkündür. Məndən soruşsanız ki, bağlansın və ya bağlanmasın, tərəfdarı deyiləm. Çünki partiya rəqabətdir. Sağlam rəqabət mühiti olsa, hərə öz yerini tutar. Ona görə də ümumiyyətlə, partiyaların inzibati resurslar hesabına bağlanması və ya əksinə, inzibati resurslar hesabına zorla siyasi gündəmdə saxlanılmasının əleyhinəyəm. Partiyalar sərbəst buraxılmalıdır.
- Sizcə Azərbaycanda sağlam müxalifət nə zaman yetişə bilər?
- Mən 25 ildir siyasi fəaliyyətlə məşğulam və 25 ildir özümü də sağlam hesab edirəm. Bilirsiniz, burda bir yanaşma var. Müxalifət iqtidarın, iqtidar da müxalifətin aynasıdır. Mümkün deyil ki, zəif müxalifəti olan iqtidar güclü olsun.
Azərbaycanda 26 partiya var, onlardan cəmi 1-i hakimiyyətdədir. Dolayısıyla 25 müxalifət partiyası var. Onların hamısına qeyri-sağlam demək olmaz axı. Amma aralarında təbii ki, qeyri-sağlam olanlar var. Qeyri qanuni əlaqələri olanlar, qeyri-sağlam siyasi rəqabət aparanlar və s. Amma sağlam partiyalar da var, mövqelərini də bildirirlər, ədalətlidilər, qərəzli deyillər. Necə ki iqtidarda pis nazir də, yaxşı nazir də var. Biz Ağ Partiya olaraq 2013-cü ildə yaranmışıq, o gündən bu günə özümüzü sağlam müxalifət hesab edirik. İndi iqtidardakı Siyavuş Novruzov tipli məmurlar bizi sağlam sayır, ya saymır o başqa məsələ. Bu, onların subyektiv fikridir.

- Astanada keçirilən beynəlxalq müsabiqənin finalında Azərbaycan təmsilçisi Samirə Əfəndinin Ermənistan nümayəndəsinə 12 bal verməsi və daha sonra həmin iştirakçının Əfəndiyə yaxınlaşıb onu qucaqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Siz bu barədə nə düşünürsünüz? Azərbaycanlılar ilə ermənilər qucaqlaşa bilər? Bunun üçün nə qədər zaman lazımdır? Və ya sizcə baş vermiş bu qədər hadisədən sonra bu düzgündürmü?
- Bunun hüquqi və mənəvi tərəfi var. Hüquqi tərəfi odur ki, hansısa müğənninin hansısa erməniyə xal verməsinin qanunsuz tərəfi yoxdur. Deyə bilər ki, mən azadam, sərbəstəm. Hüquqi baxımdan heç kəs ona heç nə deyə bilməz. Amma mənəvi tərəfdən təbii ki, haqqı yoxdur. Çünki bizim 3500 şəhidimiz, minlərlə qazimiz var. Hələ təkcə Birinci Qarabağ müharibəsindən 15000-ə yaxın şəhidimiz var. Ümumilikdə 1990-cı ildən bu yana bizim 20000 civarında şəhidimiz, minlərlə qazimiz, minlərlə itkin düşən insanlarımız var. Biz 30 il torpaqlarımızdan ayrı düşmüşük. Niyə? Ermənilərin ucbatından. Bax bizim 12 xal verib sonra sinəmizə basıb qucağladığımız, öpdüyümüz ermənilərin ata-babalarının və özlərinin hesabına bunlar baş verib. Sonradan məlum oldu ki, həmin müğənninin özü də 2019-cu ildə Qarabağda xidmət edib. İşğal olunmuş torpaqları əlində avtomat bizdən – torpaq sahiblərindən – müdafiə edib. Yəni ona görə mən deyirəm ki, ictimai xadimlər, göz önündə olan adamlar bu məsələlərə diqqət etməlidir. Deyir ki, sülh quruculuğu...Sülh iki dövlət arasındadır. Sülh xalqlar arasında olmalı deyil. İki dövlət müqavilə bağlayır ki, bir-birimizə hücum etmirik. O demək deyil ki, ermənilərlə görüşək, qucaqlaşaq, öpüşək. Ümumiyyətlə, ermənilərin sülhə yanaşması da qeyri səmimidir. Biz Ağ Partiya olaraq ermənilərin səmimiyyətinə inanmırıq, onların sona qədər sülhə sadiq qalacaqlarına da inanmırıq. Əksinə, biz inanırıq ki, onların sabah əlinə silah keçən kimi, orduları, büdcələri bərpa olunanandan sonra yenidən müharibəyə başlayacaqlar.
- Azərbaycan televiziya kanallarının hazırkı durumu sizi qane edir? Veriliş aparanlar, o verilişə dəvət olunan müğənnilər, onun geyimi-keçimi son vaxtlar bu cəmiyyətdə ciddi qınaq obeyktinə çevrilib. Televiziyadakı proqramların cəmiyyətin əxlaqı pozduğu deyilir.
- Bilirsiniz, bunlar cəmiyyət arasında müzakirə olunan məsələlərdir. Xalq onsuz da bunu bilir, sosial şəbəkələrdə deyir, yazır. Amma burada aidiyyəti qurumlar hanı? Audiovizual Şura var. Bu məsələlərə nəzarət etməlidir. Məsələn, televiziyaların milli-mənəvi dəyərlərə xidmət etməsini, maarifləndirməsini, insanları düz yola yönləndirməsi, pis nümunələri göstərməməsi ilə bağlı məsələlərə Audiovizual Şura nəzarət etməlidir. Məsələn, bu yaxınlarda parlamentdə sosial şəbəkələrdə milli mənəvi dəyərlərin qorunması, təhqirin yığışdırılması ilə bağlı qanun layihəsi qəbul olundu. Onu qəbul etməzdən əvvəl bizim bu televiziyalara bir baş çəkmək lazımdır. Televiziyaların pul qazanmaq hərisliyi onların peşəkarlığının önünə keçib. İnsanlar baxır ki, cəza verən yoxdur bir-birini söyürlər, təhqir edirlər. Əxlaqsızlıq başqa şeydi, burda vulqarizm baş alıb gedir. Təbii ki, bütün verilişlər yox, 3-4 saat davam edən verilişlər var ki, onlarda vulqarlıq, ailə-məişət söhbətləri günlərlə müzakirə olunur. Ailə dəyərləri gözdən salınır. Buna bir əncam çəkmək lazımdır.
- Son olaraq Ramiz Mehdiyev işinə qayıdaq. Bu işdə bir sıra məşhur adlar hallanır. Ramiz Mehdiyevin yaxın ətrafında olub, onun fikirdaşı qismində tanınanlar arasında sabiq XİN rəhbəri Elmar Məmmədyarov, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov, sabiq mədəniyyət naziri Əbülfəs Qarayev və s. Siz bu adları görəndə təəccübləndiniz, yoxsa əvvəldən belə bir gözləntiniz var idi?
- Siz nə ad saydınız ki..Sizə o adlardan 20 dəfə çox ad sayaram. Özü də sabiq olmayan. İndiki məmurlar, icra başçıları, deputatlar arasında da kifayət qədər belə adamlar var ki, Ramiz müəllimə ağsaqqal deyib onun rəhbərliyi altında işləyiblər. 2019-cu ilə qədər Ramiz Mehdiyev Prezident Administarsiyasının rəhbəri olub. O dönəmə qədər onunla kimsə işləyib, fəaliyyət göstərib, bunu qınamaq olmaz. Çünki dövlət adına Ramiz Mehdiyevlə işləyiblər, düzdür? 2019-cu ildən sonra artıq o Administarsiyadan uzaqlaşdırıldıqdan sonra hələ də onunla yaxınlıq edən, amma siyasi anlamda, şəxsi anlamda özləri bilər. Elmar Məmmədyarova desəniz ki, siz Ramiz Mehdiyevlə dost olmusunuz, deyəcək mənə elə bir adam göstər olmayıb. Siyavuş Novruzov olmayıb? Olub. Yəni burada söhbət onların Ramiz Mehdiyevin cinayət fəaliyyətinin tərkibində olub-olmamaqlarından gedir, Olublarsa, niyə həbs olunmayıblar? Bu baxımdan biraz manipulyasiyalar çoxdur. Artıq kimin kimdən xoşu gəlmir deyir “Mehdiyevin adamıdır”. Kiminsə Mehdiyevin adamı olması yox, onun cinayətlərində iştirakı önəmlidir.
Jalə Rövşən
tag: Tural Abbaslı,Ağ partiya sədri,Müsahibə,Ramiz Mehdiyev,Todaypress.tv,
