Məhkəməsi gedən ermənilər təhvil verilə bilər – AÇIQLAMA

Siyasət

19.01.2026 12:20

Hazırda məhkəməsi davam etdirilən digər ermənilər Ermənistana təhvil verilə bilər. 

Ümid Partiyasının sədri İqbal Ağazadə bunu Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılaşmaya və humanizm prinsiplərinə uyğun olaraq, ölkəmizdə cəza çəkən 4 nəfər erməninin Ermənistana təhvil verilməsi barədə TodayPress TV-yə danışarkən deyib.  


O bildirib:  

“Mümkündür. Niyə də olmasın? Azərbaycan dövlətinin mənafeyi bu gün onları mühakimə etməyi tələb edir. Sabah Azərbaycan dövlətinin mənafeyi bu adamları təhvil verməyi və yaxud da nələrinsə müqabilində güzəşt edib onları geri qaytarmağı tələb edəcəksə, verəcək. Dövlət üçün çalışırıq. Arayik üçün, Levon üçün yox. Heç kim kefindən onları təhvil verməyib.

Açıq şəkildə deyəcəm : ABŞ deyir ki, sən bu istiqamətdə bir az güzəştə getməlisən. Biz sənə güzəştə gedirik, torpaqlarını azad etmisən, ərazi bütövlüyünü bərpa etmisən, suverenliyini bərpa etmisən, indi əlaqələr yaranır, biz bəzi məsələlərdə göz yumuruq, üstünə getmirik, iddia etmirik ki, bunlar girov və əsirdir, qəbul edirik ki, onlar cinayətkardır. Amma sən də güzəştə get, bəzilərini azad et. Bu, normaldır. Dünyanın hər yerində baş verir.

Bu gün Ermənistan–Azərbaycan münasibətlərində fərqli situasiya yaranıb. Dünən Xaçaturyan mühakimə olunmalı idi, bu gün Azərbaycan Xaçaturyanın üzərindən əlavə dividendlər qazanmalıdır. Sabah Arayiklə də ola bilər, Ruben Vardanyan və başqaları ilə də”.

Qeyd edək ki, Azərbaycan tərəfi Vaqif Xaçatryan, Gevorq Sucyan, David Davtyan və Vigen Eulcekcianı Ermənistana təhvil verib.

Xatırladaq ki, David Davtyan və Gevorq Sucyan casusluqda təqsirli biliniblər. Onlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin qanunsuz silah saxlama, casusluq, qanunvericilikdə nəzərdə tutulmamış silahlı birləşmələrin yaradılması və dövlət sərhədini qanunsuz keçmə ilə bağlı maddələri üzrə ittiham olunublar.

Məhkəmənin hökmü ilə 28 iyul 2021-ci il tarixində Davtyan və Sucyanın hər biri 15 il müddətinə azadlıqdan məhrum edilib.

Jalə Rövşən

TodayPress TV

tag: İqbal Ağazadə,Partiya sədri,Ermənilər,Təhvil,Todaypress.tv,