İranın Azərbaycana müdaxiləsinə qarşı Güneylilərdən sərt bəyanat
Xaricdə fəaliyyət göstərən və İranda Millətlərin Demokratik Koalisiyasına daxil olan bir sıra təşkilatlar İranın Azərbaycanın daxili işlərinə müdaxiləsini pisləyən birgə bəyanat yayıb.
TodayPress TV Axar.az-a istinadən xəbər verir ki, bəyanatı Milli Dirəniş Təşkilatı, Güney Azərbaycan Demokrat Partiyası, Azərbaycan Mərkəz Partiyası, Azərbaycan Öyrənci Hərəkatı, Qaşqay Azadlıq Yolu Partiyası, eləcə də İrandakı ərəb və bəluc təşkilatları imzalayıb.
Bəyanatda Tehran hakimiyyətinin son 30 ildə Azərbaycana qarşı yürütdüyü siyasət, dini agent şəbəkələrinin yaradılması, narkotik qaçaqmalçılığı və düşmənçilik məqsədi daşıyan media layihələri kəskin tənqid olunub.
Sənədi imzalayan təşkilatlar bildiriblər ki, Azərbaycanın müqəddəratını və idarəetmə formasını müəyyən etmək hüququ yalnız Azərbaycan xalqına məxsusdur. Onların fikrincə, öz ölkəsində vətəndaşların fundamental azadlıqlarını məhdudlaşdıran və repressiyalar həyata keçirən İran hakimiyyətinin başqa dövlətlərin daxili işlərinə qarışmağa mənəvi və hüquqi haqqı yoxdur.