Almaniya fransızsayağı aksiyalara hazırlaşır - VİDEO
Bu gün Avropanın bir sıra ölkəsində, o cümlədən Fransa, Almaniya, İspaniya, İtaliya, Belçika, Avstriya, Niderland, İsveçrə və Portuqaliyada etiraz aksiyalarının keçirilməsi planlaşdırılır.
TodayPress TV xəbər verir ki, Almaniyanın Frankfurt şəhərində mümkün iğtişaşlara qarşı təhlükəsizlik tədbirləri gücləndirilib.
Şəhərin lüks mağazalarının yerləşdiyi Goethestraße küçəsində bir sıra mağazalar vitrinlərini bağlayıb. Polis isə dronlar və xüsusi təyinatlı bölmələrin iştirakı ilə genişmiqyaslı əməliyyatlara hazırlaşır.
Hakimiyyət orqanları aksiyaların əsasən dinc keçəcəyini gözləsə də, mümkün qarşıdurmalarla bağlı ehtiyat tədbirləri görülür.
Ən genişmiqyaslı etirazların Fransada keçirilməsi gözlənilir. Yaşayış xərclərinin artması və təhsil sahəsindəki problemlərlə bağlı narazılıqlar fonunda ölkənin təxminən 100 şəhərində yürüşlər, toplantılar və oturaq aksiyalar planlaşdırılır.
Paris, Lion, Marsel, Tuluza, Bordo, Lill, Nant, Renn və Nitsa etirazların keçiriləcəyi əsas şəhərlər sırasındadır.
Fransa hakimiyyəti mümkün iğtişaşların qarşısını almaq məqsədilə ölkə üzrə təxminən 70 min polis və jandarm əməkdaşı səfərbər edib. Təhlükəsizlik tədbirləri xüsusilə Halloween gecəsi ilə əlaqədar gücləndirilib.
Qeyd edək ki, aksiyalar sosial şəbəkələrdə yayılan çağırışlarda «Generation Z (Gen Z)regelt» ("Z"nəsli idarə edir) adı altında təqdim olunur.
Jalə Rövşən