Sikorski: Polşanın prezident respublikasına çevrilməsinə razı olmayacağıq
Polşanın xarici işlər naziri Radoslav Sikorski Varşavada Konstitusiya Tribunalı ətrafında baş verən hadisələrə münasibət bildirib.
TodayPress TV xəbər verir ki, nazir bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında yazıb.
Sikorski ötən gecə Konstitusiya Tribunalının binası qarşısında baş verənləri uğurlu hesab etmədiyini bildirib. Bununla belə, onun sözlərinə görə, alternativ olaraq Polşanın konstitusiyaya zidd şəkildə prezident respublikasına çevrilməsinə razılıq vermək olmaz.
“Polşanı hələ də parlamentin seçdiyi koalisiya hökuməti idarə edir”, – deyə XİN rəhbəri vurğulayıb.
Qeyd edək ki, oktyabrın 30-da Varşavada Konstitusiya Tribunalının binası qarşısında etirazçılar toplaşıb, onların bir qismi binaya daxil olmağa cəhd edib. Gərginliyə məhkəmə rəhbərliyi ətrafında yaranmış münaqişə səbəb olub.
Hadisələr fonunda Polşa Prezidenti Karol Navrotski Seneqala səfərini yarımçıq qoyaraq Varşavaya qayıdıb.