İran XİN iğtişaşlar zamanı mülki itkilər barədə açıqlama yaydı
Siyasət
16.01.2026 16:43
İranın müxtəlif bölgələrində baş verən son iğtişaşlar zamanı bir sıra şəxslərin, o cümlədən qadın və uşaqların həlak olduğu bildirilir. Hadisələr zamanı zorakılıq halları və ictimai asayişin pozulması ilə bağlı məlumatlar yayılıb.
TodayPress TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Açıqlamada qeyd olunur ki, iğtişaşlar zamanı soyuq və odlu silahlardan, eləcə də yandırıcı maddələrdən istifadə edildiyi, ictimai və şəxsi mülkiyyətə ziyan vurulduğu, yolların bağlandığı, təcili tibbi yardım və yanğınsöndürmə maşınlarının hərəkətinə maneələr yaradıldığı iddia edilir.
İran XİN-in məlumatına görə, bəzi hallarda qadın və uşaqların kütləvi aksiyalar zamanı ön cəbhədə yerləşdirildiyi, bank və məscidlərin yandırıldığı bildirilib. Rəsmi açıqlamada Rəşt şəhərində klinikanın yandırılması zamanı 34 yaşlı tibb bacısı Mərziyə Nəbəviniyanın, Kermanşahda 3 yaşlı Melina Əsədinin, İsfahanda 8 yaşlı Anila Əbutalebinin, Pakdəştdə 18 yaşlı Əli Əkbər Zareinin, Borucendə 17 yaşlı İlya Əlixaninin, Kermanşahda tibb bacısı Elham Zeynallının və Həmədanda 41 yaşlı Mərziyə Rzainin həlak olduğu qeyd olunub.
Bəyanatda İran tərəfi baş verənlərə görə məsuliyyəti “terrorçu və təxribatçı qrupların” üzərinə qoyur və beynəlxalq ictimaiyyəti hadisələrə hüquqi qiymət verməyə çağırır.
Qiymət Mahir
tag: İran XİN,İxtişaş,İtki,Açıqlama,Todaypress.tv,
