İğtişaşlar zamanı İranda 200 mağaza yandırılıb – HESABAT
Siyasət
16.01.2026 16:17
2026-cı ilin yanvarında İranda baş verən iğtişaşlar zamanı ölkənin müxtəlif şəhərlərində dövlət və özəl əmlaka genişmiqyaslı ziyan dəyib, yüzlərlə obyekt dağıdılıb və ya yandırılıb.
TodayPress TV xəbər verir ki, bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Hüquqi və Beynəlxalq Məsələlər üzrə müavini tərəfindən hazırlanmış “İğtişaşlar zamanı dövlət və özəl əmlaka dəyən zərərlər haqqında” ilkin hesabatda bildirilir.
Sənədə əsasən, 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarı ərazisində valyuta məzənnələrinin artması fonunda başlayan ticarət yönümlü etirazlar ilkin mərhələdə dinc və iqtisadi tələblərlə müşayiət olunsa da, 8 yanvar 2026-cı ildən etibarən xarici müdaxilə nəticəsində zorakılıqlara və silahlı qarşıdurmalara çevrilib. Hesabatda vurğulanır ki, bu zorakılıqların etirazçıların legitim tələbləri ilə heç bir əlaqəsi olmayıb.
Rəsmi məlumatlara görə, ölkə üzrə 180-dən çox təcili tibbi yardım avtomobili hücuma məruz qalıb, onların əhəmiyyətli hissəsi tamamilə yararsız hala salınıb. Bundan başqa, 180-dən artıq bank zədələnib, təxminən yarısı tam dağıdılıb.
Təkcə Tehranda 8–9 yanvar gecələrində 26 yaşayış evi yandırılıb, 70-dən çox məscid və dini obyektə hücum edilib, 40 bank, 15 ticarət kompleksi, 13 dövlət qurumu və 50 yanğınsöndürən maşın sıradan çıxarılıb; həmin gecələr ərzində 450 yanğınsöndürmə əməliyyatı aparılıb.
Şiraz şəhərində iki məscid və bina, dörd bank filialı, iki bələdiyyə binası, İmam Xomeyni adına Yardım Komitəsinin bir obyekti, 83 avtobus dayanacağı və yüzlərlə yol-nəqliyyat nişanı məhv edilib. Gilan vilayətinin Rəşt şəhərində isə bir dini mərkəz tamamilə dağıdılıb, bir məscid ciddi ziyan görüb, təxminən 200 mağaza yandırılıb. Hesabatda Rəştdə bir tibb mərkəzinə edilən hücum nəticəsində iki tibb bacısının həlak olduğu da qeyd olunur.
Sənəd hazırda tamamlanma mərhələsindədir və dəqiq zərər həcmlərinin müvafiq qurumlar tərəfindən yekunlaşdırılacağı bildirilir.
Qiymət Mahir
tag: İran,Mağaza,Hesabat,Yandırılma,Todaypress.tv,
