Hikmət Hacıyev: “Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb”

Hikmət Hacıyev: “Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb”
11.09.2026 12:16 Siyasət

Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb və Bakı regionda davamlı sülhün möhkəmləndirilməsi üçün səylərini davam etdirəcək.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Xankəndidə çıxışı zamanı bildirib.

Hacıyev qeyd edib ki, Azərbaycan sülh şəraitində yaşamağa uyğunlaşır və Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində irəliləyiş əldə olunur.

Onun sözlərinə görə, sülh yalnız münaqişənin olmaması deyil, eyni zamanda etimadın qurulması, ərazilərin bərpası və iqtisadi əlaqələrin inkişafıdır.

Hacıyev Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən son görüşü də konstruktiv qiymətləndirib. O bildirib ki, tərəflər sülh gündəliyini irəli aparmaq, qarşılıqlı etimadı gücləndirmək və iki ölkə arasında ticarət və nəqliyyat əlaqələrini inkişaf etdirmək barədə razılığa gəliblər.

Prezidentin köməkçisi TRIPP layihəsi ilə bağlı da müsbət siqnalların olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan layihənin tezliklə reallaşdırılacağına ümid edir.

Hacıyev bildirib ki, Bakı–Zəngilan istiqamətində dəmir və avtomobil yollarının tikintisi demək olar ki, tamamlanıb və layihənin bu ilin sonunadək və gələn il ərzində başa çatdırılması planlaşdırılır.

O, hazırda diqqətin Naxçıvan istiqamətinə yönəldiyini də açıqlayıb. Bildirib ki, Naxçıvanın regional nəqliyyat və logistika layihələrinə inteqrasiyası həm Azərbaycan, həm Ermənistan, həm də daha geniş Avrasiya məkanı üçün yeni imkanlar yaradacaq.

Hacıyev həmçinin diplomatik korpus nümayəndələrinin Naxçıvana səfər etmək istəyini açıqlayıb və belə bir səfərin yaxın vaxtlarda təşkil ediləcəyini bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər