Hikmət Babaoğlu: “Bu addım Ermənistanda sülh şüuru yaradacaq”
Siyasət
15.01.2026 17:13
“Sülhə doğru irəlilədikcə bir sıra zəruri addımların atılması zəruridir”.
Bunu TodayPress TV-yə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Millət vəkili qeyd edib ki, avqustun 8-i 2025-ci ildən sonra ABŞ-də aparılan sülh layihəsi sülh üçün tamamilə fərqli və yeni mərhələ yaradıb:
“Yalnız bundan sonra Azərbaycan Ermənistanla kommunikasiyaların qismən bərpası üçün addımlar atdı və ilkin ticarət qərarları qəbul etdi. Azərbaycan məhsullarının Ermənistana satışı həyata keçirildi.
Dolayısı ilə, əgər bu ardıcıllığa diqqət etsək, görəcəyik ki, iqtisadi əməkdaşlıq və ya iqtisadi mübadilə ilə başlayan yol yavaş-yavaş sülh üçün humanitar platformaya çevrilməkdədir. Biz bunun ilkin əlaqəsini, ilkin mərhələsini ekspertlərin qarşılıqlı səfərində gördük. İndi isə Azərbaycan növbəti humanitar addımı atdı. Azərbaycan Konstitusiyasına və dövlətin humanist fəlsəfəsinə əsaslanaraq dörd erməni cinayətkarın Ermənistana verilməsi ilə bağlı qərar qəbul etdi”.
H.Babaoğlu həmçinin vurğulayıb ki, bu addım sülhü dəstəkləyir:
“Bu, şübhəsiz ki, sülhün dəstəklənməsi və Ermənistan ictimaiyyətində sülhpərvərlərin mövqeyinin gücləndirilməsi üçün vacibdir. Çünki hazırda Azərbaycanla, Azərbaycanın şərtləri altında sülh danışığı aparan siyasi təşkilatlanma Paşinyan və onun ətrafında olan komandadır və Paşinyanın düşüncəsini dəstəkləyən siyasi elektoratdır”.
Parlamentari diqqətə çatdırıb ki, buna görə də dərhal avqustun 8-də ABŞ-də əldə olunmuş razılaşmaya əsasən, Zəngəzur dəhlizi nəqliyyat marşrutunun açılması ilə bağlı birgə icra üçün birgə bəyanat yayılıb və burada Azərbaycanın maraqları nəzərə alınıb.

Deputat bildirib ki, Paşinyanın açıqlaması da Ermənistanda sülh şüurunu təşviq edəcək:
"Bu gün isə Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın keçid üçün maneəsiz keçid təmin olunacağı barədə açıqlama verdi. Bu, əlbəttə ki, sülh tərəfdarı kimi çıxış edən siyasi elektoratın gücünü səfərbər edəcək, Paşinyan ətrafında və nəticədə Ermənistanda sülhü dəstəkləyən, qonşuluq əlaqələrini müdafiə edən siyasi şüurun formalaşmasına təsir göstərəcək".
Hikmət Babaoğlu sonda diqqətə çatdırıb ki, əsas məsələ odur ki, burada Azərbaycan təşəbbüskar və diktə edən tərəfdir və sülhü irəli aparmaqda qərarlıdır. Bu isə dövlətimizin və xalqımızın maraqları baxımından olduqca əhəmiyyətlidir.
Qeyd edək ki, Azərbaycan tərəfi Vaqif Xaçatryan, Gevorq Sucyan, David Davtyan və Vigen Eulcekcianı Ermənistana təhvil verib.
Xatırladaq ki, David Davtyan və Gevorq Sucyan casusluqda təqsirli biliniblər. Onlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin qanunsuz silah saxlama, casusluq, qanunvericilikdə nəzərdə tutulmamış silahlı birləşmələrin yaradılması və dövlət sərhədini qanunsuz keçmə ilə bağlı maddələri üzrə ittiham olunublar.
Məhkəmənin hökmü ilə 28 iyul 2021-ci il tarixində Davtyan və Sucyanın hər biri 15 il müddətinə azadlıqdan məhrum edilib.
Jalə Rövşən
tag: Hikmət Babaoğlu,Deputat,Ermənistan,Sülh,Todaypress.tv,
