Gülşən Rzayeva: Azərbaycan post-münaqişə dövründə dayanıqlı inkişaf üçün yeni model təqdim edir
“Azərbaycan öz ərazilərinin – Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması sahəsində, uzun illər işğal dövründə məhv edilmiş və dağıdılmış ərazilərin yenidən inşasında çox yaxşı təcrübəyə malikdir. İndi burada çox genişmiqyaslı təşəbbüslər həyata keçirilir və biz inanırıq ki, Azərbaycan post-böhran, post-münaqişə dövründə oxşar çətinliklərlə üzləşən ölkələr üçün bir model inkişaf etdirir”.
TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Sülhsevər İqlim Fəaliyyəti: Kövrək və Münaqişədən Zərərçəkmiş Mühitlərdə Şəhər Həlləri" (Peace-Positive Climate Action through Urban Solutions in Fragile and Conflict Affected Settings) mövzusunda tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Gülşən Rzayeva deyib.
Onun sözlərinə görə, bu bərpa və genişmiqyaslı yenidənqurma işləri təkcə şəhərlərin, icmaların və insanların həyatının yenidən qurulmasından ibarət deyil, bütün bunlar regionda sülhə xidmət edir.
Gülşən Rzayeva qeyd edib ki, ölkəmizin tətbiq etdiyi bu təşəbbüslər çoxşaxəli yanaşmanı özündə ehtiva edir:
“Çünki bu təşəbbüs bütövlükdə bir sıra ölçüləri özündə birləşdirir. Şəhəhərlərin yenidən qurulması, demək olar ki, sıfırdan bərpa edilməsi. Bu prosesdə insan mərkəzli şəhərsalma prinsipləri tətbiq olunur. İnfrastruktur inkişaf etdirilir, lakin bu təkcə infrastruktur və əlçatanlıqla məhdudlaşmır; bu, regionda məkan planlaşdırılmasına kompleks yanaşmadır”.
Komitə rəsmisi çıxışının sonunda Azərbaycanın bu təcrübəsinin regional sülhə və inkişafa verdiyi töhfəni vurğulayaraq fikirlərini belə yekunlaşdırıb:
“Bu perspektivdən, Şəhərsalma üzrə Dövlət Komitəsi olaraq, biz bütün bu təşəbbüslərin iki əsas məqsədə xidmət etdiyini görürük: birincisi, şəhərlərin inkişafı, ikincisi isə yerləşdikləri regionlarda sülhün bərqərar olması”.
Qiymət Mahir