Gülşən Paşayeva: “Cəmiyyət yeni mərhələyə daxil olur”
Siyasət
12.12.2025 17:05
“Hazırda cəmiyyət yeni bir mərhələyə, virtual reallığın üstünlük təşkil etdiyi bir dövrə daxil olur. Bu proses xüsusilə COVID-19 pandemiyasından sonra daha aydın şəkildə formalaşıb”.
TodayPress TV xəbər verir ki, bu fikirləri millət vəkili Gülşən Paşayeva “Siyasətin fəlsəfəsi: analitik diskurslar – ideologiya, media, diplomatiya” adlı kitabın təqdimat mərasimində səsləndirib.
Deputat çıxışı zamanı informasiya müharibələrinin intensivləşdiyi mövcud şəraitdə qlobal siyasət və media mühitində yaranan yeni çağırışların aktuallığını vurğulayıb.
Onun sözlərinə görə, böyük güclər üçün ideologiya bu gün də siyasi proseslərin əsas hərəkətverici sütunlarından biri olaraq qalır. Eyni zamanda, ideoloji yanaşmaların və hədəflərin müxtəlifliyi beynəlxalq siyasi mənzərənin daha mürəkkəb və çoxşaxəli olmasına səbəb olur:
“İnformasiya axınının sürətinin artması media mühitində tamamilə fərqli risklər yaradıb. Saxta xəbərlər, həqiqətin manipulyasiyası, post-həqiqət və post-reallıq anlayışları artıq XXI əsrin əsas xüsusiyyətlərindən birinə çevrilib”.
Gülşən Paşayeva bildirib ki, oxşar proseslər tarixin əvvəlki mərhələlərində də mövcud olsa da, müasir dövrdə onlar daha geniş miqyasda və daha güclü təsir imkanları ilə özünü göstərir.
Onun fikrincə, dezinformasiyanın geniş yayıldığı indiki şəraitdə cəmiyyət üçün doğru məlumatı müəyyənləşdirmək getdikcə çətinləşir:
“Bu baxımdan ictimai diplomatiyanın düzgün və məqsədyönlü şəkildə tətbiqi dövlətlər üçün ən effektiv və strateji vasitələrdən biri hesab olunur”.
Qiymət Mahir
tag: Gülşən Paşayeva,Deputat,Cəmiyyət,Virtual reallıq,Todaypress.tv,
