Ermənistandan İlham Əliyevə təşəkkür
Siyasət
15.01.2026 14:23
“Ailələrin yenidən birləşməsi və anaların uzun illərdir davam edən həsrətinə son qoyulması hər hansı siyasi mövqedən daha yüksək dəyərə malikdir”.
Ermənistanlı politoloq Natali Aleksanyan bunu öz "Facebook" səhifəsindəki paylaşımda yazıb.
O, Ermənistanın Baş naziri Nikol Paşinyana və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə açıq təşəkkürünü bildirdiyini qeyd edib.
“İnsan həyatının xilas edilməsi, ailələrin yenidən birləşməsi və anaların uzun illər gözlədiyi ümidin sona çatması hər hansı siyasi mövqedən daha yüksək dəyərə malikdir.
Bu humanitar təşəbbüsə görə cənab rəhbərlərə təşəkkür edirəm. Qoy bu addım insan həyatına hörmətin, dialoqun və məsuliyyətin davamlı əsasına çevrilsin. Onların qayıdışı göstərir ki, ən çətin şəraitdə belə humanizm yolunu seçmək mümkündür”, - deyə Natali Aleksanyan vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Vaqif Xaçatryan, Gevorq Sucyan, David Davtyan və Vigen Eulcekcianı Ermənistana təhvil verib.
Xatırladaq ki, Davtyan David və Sucyan Gevorq casusluqda təqsirləndirilirdilər. Onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228 (qanunsuz silah saxlama), 276 (casusluq), 279 (qanunvericiliklə nəzərdə tutulmamış silahlı birləşmələrin və ya qrupların yaradılması), 318 (sərhədi qanunsuz keçmə) maddələri ilə ittiham olunurdular.
2021-ci il iyulun 28-də Azərbaycanda məhkəmə Davtyan və Sucyanı hər birini 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Jalə Rövşən
tag: Natali Aleksanyan,Erməni jurnalist,Ermənistan,İlham Əliyev,Todaypress.tv,
